"Mənə şübhəli qərarlardan sonra qazanılan qələbələr lazım deyil" AÇIQLAMA

"Mənə şübhəli qərarlardan sonra qazanılan qələbələr lazım deyil" AÇIQLAMA

Topaz Premyer Liqasının VII turu "Qarabağ" üçün uğurlu alınıb. Qurban Qurbanovun komandası "İnter"i 2:0 hesabı ilə məğlub etdi. SİA baş məşqçilərin oyun haqqında fikirlərini nəzərinizə çatdırır:

Zaur Svanadze ("İnter"in baş məşqçisi): "İlk hissədə "yatdıq". İkinci hissədə yaxşı oynamağa başlasaq da, şanslardan yararlana bilmədik. "Qarabağ" çox yaxşı komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram. Verilən penalti barədə nə deyə bilərəm? Mən epizoddan uzaq idim. Düşünürəm ki, Lomaya topa oynamışdı. "Qarabağ"ın oyunçusu isə topu, məncə, bilərəkdən kənara vurdu. Epizoda baxıb, daha sonra bu barədə konkret fikir bildirə bilərik".

Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi): "Düşünürəm ki, maraqlı oyun oldu. Çox vacib bir oyuna çıxmışdıq. Avropa Liqasının "Anderlext"lə oyununda futbolçular həqiqətən də çox yorulmuşdular. Həmin oyunçuları əvəzləyənlər əllərindən gələni elədilər. "İnter" tam fərqli bir komandadır. Bu rəqibə qarşı oynamaq heç də asan deyil. Belə bir matçda futbolçularımdan razı qaldım, amma sözsüz ki, müəyyən çatışmazlıqlar var. Bu oyundan sonra 2 gün istirahət edə bilərik. Penalti məsələsi barədə çox danışmaq istəmirəm. Penalti mənə şübhəli gəldi. Düşünürəm ki, qapıçı topa oynadı. Oyundan sonra da Lomayadan soruşdum. Mənə dedi ki, topdan sonra futbolçuya dəydim. Şübhəli gəldiyi üçün mən belə bir addım atdım. Mənə şübhəli qərarlardan sonra qazanılan qələbələr lazım deyil. İstəmirəm ki, bu epizodu geniş müzakirə edək. Son vaxtlar belə hallar tez-tez müzakirəyə çıxarılır".

Bütün xəbərlər Facebook səhifəmizdə