Elman Rüstəmov: "Şəhriyarın xarakteri daha çox irəliləməyə imkan verir" AÇIQLAMA

Elman Rüstəmov: "Şəhriyarın xarakteri daha çox irəliləməyə imkan verir" AÇIQLAMA

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/4 finalında mübarizəni davam etdirən Şəhriyar Məmmədyarovun çıxışı barədə danışıb. SİA-nın məlumatına görə, federasiya prezidenti şahmatçımıza dəstək olduğunu qeyd edib: "Mütəmadi olaraq Dünya Kubokunun nəticələri ilə bağlı məlumat alıram. Bu gün 1/4 finala gəlməkdə əsas məqsədim şahmatçımız Şəhriyar Məmmədyarova dəstək olmaq idi. Partiyadan əvvəl onunla görüşərək uğurlar arzuladım. Bildirdim ki, biz ona inanırıq. Çox istərdik ki, uğurlu çıxışını davam etdirsin. Dünya Kubokunda yaxşı nəticə qazanmaq çox çətindir. Yarışda ən güclü şahmatçılar iştirak edir. Hər bir iştirakçı qələbə qazanmaq istəyir. Bu mənada hər bir şahmatçı üçün çətindir".

1/4 finalda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinə qarşı mübarizə aparır. E.Rüstəmov şahmatçımızdan bu görüşdə də uğur gözlədiyini deyib: "Şəhriyarın xarakterini bilirik. Ona görə şahmatçımızdan daha böyük uğurlar gözləyirik. Onun xarakteri daha çox irəliləməyə imkan verir. Şahmatda proqnoz vermək çətindir, amma biz ona inanırıq. Şəhriyar Dünya Kubokunda çox yaxşı oyun sərgiləyir. Fabiano Karuana kimi güclü şahmatçıya qalib gəldi. 1/4 finaldakı rəqibi çox güclü olsa belə, Məmmədyarovun potensialı ondan yaxşı nəticə gözləməyə imkan verir".

AŞF prezidenti bütün iştirakçıların və qonaqların təşkilatçılıqdan razı qalmasına da münasibət bildirib: "Azərbaycan hər zaman yüksək təşkilatçılıqla seçilib. Ölkəmiz daha böyük yarışlarda da təcrübəsini göstərib. Sözsüz, qonaqların və iştirakçıların Dünya Kubokunun təşkilatçılığından razı qalması bizi sevindirir. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi bütün işləri yüksək səviyyədə görüb. Gələn il Bakı Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Mötəbər yarşın ən yüksək səviyyədə keçiriləcəyinə inanırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə