"Atam mənə dedi ki, niyə Karuanaya qalib gəlmədin?" AÇIQLAMA

"Atam mənə dedi ki, niyə Karuanaya qalib gəlmədin?" AÇIQLAMA

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin açıqlama verib. SİA-nın məlumatına görə, Məmmədyarov ABŞ təmsilçisi Fabiano Karuana ilə görüşə yaxşı hazırlaşdığını bildirib: "Debütə yaxşı hazırlaşmışdım. Bilirdim ki, Karuana ağ fiqurlarla mümkün qədər çox təzyiq etməyə çalışacaq. Ona görə də təxmini gedişləri bilirdim. Sadəcə rəqibin debütdən çıxmağını gözlədim. Bir neçə yaxşı ideyam var idi, ancaq "ağlar" rahat oynamağa başlayandan sonra bir yerdə yüngülcə səhv etdim. Kubok oyununun xarakteristikasına uyğun olaraq mənə heç-heçə də kifayət edirdi. Karuana dünyanın ən güclü şahmatçılarından biridir. Ona görə nəticəyə oynamaq başadüşüləndir. Uzun müddət Karuana dünya reytinqinə görə ikinci şahmatçısı olub. Bəlkə də o, mənimlə oyunda bütün bacarığını göstərə bilmədi".

Şəhriyar Məmmədyarov Karuananın 2-ci turda digər azərbaycanlı şahmatçı Rauf Məmmədovu yarışdan kənarlaşdırması və matçın revanş xarakterli olub-olması ilə bağlı suala isə belə cavab verib: "Rauf mənim komanda yoldaşımdır. Ona görə də bu oyuna revanş kimi də yanaşmaq olar. O, Karuanaya qarşı yaxşı oynamışdı, ancaq debütdə bir balaca səhv eləmişdi. Məni də 1/4 finala çıxmağım münasibətilə ilk təbrik edən Rauf oldu. Əgər Rauf sevinirsə, deməli mənə təşəkkür edə bilər. Reallıqda isə Karuanaya məğlubiyyət faciə deyil. Fabiano Dünya Kubokunda iştirak edən istənilən şahmatçını məğlub etməyi bacarar".

Növbəti mərhələdəki rəqibə gəlincə, Şəhriyar Məmmədyarov Dünya Kubokunda zəif rəqibin olmadığını deyib: "Əsas mübarizəni davam etdirməyimdir. 1/4 finalda kiminlə qarşılaşmağım önəmli deyil. Bu turnirdə zəif rəqib yoxdur. Həm Andreykin, həm də Karyakin beynəlxalq arenada tanınmış şahmatçılardır. Məqsədim mümkün qədər irəliləməkdir. Sözsüz ki, hər bir şahmatçı finalçı olmaq arzusundadır".

Dünya Kuboku günlərində Şəhriyar Məmmədyarova atası Həmid dəstək olur. Şahmatçımız atasının hər oyun yanında olmasının ona kömək etdiyini bildirib: "Atam həm də mənim müəllimimdir. Kiçik yaşlarımdan şahmata həvəs yaratdı. Reytinqim 2700-ə yüksələnə qədər mənimlə məşğul oldu. Sözsüz, valideynin yanımda olması məsuliyyəti artırır. Hər oyunda məndən qələbə gözləyir. Karuana ilə ikinci görüşdə heç-heçə oynadım. Bu nəticə məni 1/4 finala çıxarır. Risk etməyə ehtiyac yox idi. Amma partiyadan sonra atam yenə mənə dedi ki, "orada uduş var idi, niyə qalib gəlmədin? (gülür). Allah valideynlərimizi başımızın üstündən əskik etməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə