Levon Aronyan Dünya Kubokunu tərk etdi

Levon Aronyan Dünya Kubokunu tərk etdi

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda həyəcan getdikcə artır. Artıq 1/32 final mərhələsi geridə qalıb. 1/16 final mərhələsinə son vəsiqələrin taleyi isə tay-brekdə həll olunub. Bu oyunlar da sürprizsiz keçinməyib.

Ermənistan təmsilçisi Levon Aronyan Ukrayna şahmatçısı Aleksandr Areşenkoya məğlub olub. Klassik partiyada hər iki görüşdə heç-heçə qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirib. Aronyanın sürətli şahmatda yol verdiyi səhvlər onun Bakıdakı yarışda iştirakını dayandırmasına səbəb olub. Ağ fiqurlarla oyunda kobud səhvə yol verən Levon Aronyan 1 saat 24 dəqiqəlik mübarizənin yekununda təslim olub. Mütəxəssislər cavab görüşündə onun revanş alacağına inansa da, proqnozlar doğrulmayıb. Qara fiqurlarla kortəbii hücuma keçən Aronyan rəqibin gedişinə fikir verməyib və nəticədə ikinci görüşdə də məğlubiyyət acısı yaşayıb. Beləliklə Levon Aronyan 1/32 finalda mübarizəni dayandırıb.

Rapid partiyada Hikaru Nakamura Samyuel Şenklendə, Aniş Giri Aleksandr Motılyova, Şəhriyar Məmmədyarov Xou Yifana, Teymur Rəcəbov İlya Smirinə, Pyotr Svidler Liviu-Diter Nisipyanı, Dmitriy Yakovenko isə Amin Bassemə qalib gəlib.

Azərbaycan şahmatçıları növbəti dəfə sürətli şahmatda ən güclülərdən olduqlarını göstəriblər. Klassik partiyada iki heç-heçə edən Rəcəbov tay-brekdə İsrail şahmatçısı Smirinə heç bir şans verməyib. Həm ağ, həm də qara fiqurlarla rəqibindən üstün oyun nümayiş etdirən Teymur cəldliyi ilə inamlı qələbə qazanıb. Eyni sözləri Şəhriyar Məmmədyarovun görüşü haqda da demək olar. Şəhriyar rapid oyununda əvvəlcə qələbə qazanıb, sonra isə üstünlüyü olmasına baxmayaraq, risk etməyib və partiyanı heç-heçəylə başa vurub.

On dəqiqəlik rapid partiyalarında Aleksandr Qrişuk Vladimir Fedoseyevi, Yevgeniy Tomaşevskiy Nquen Nqok Şonu, Sergey Karyakin Aleksandr Anişuku, Yuy Yanyi isə İqor Lısıyı turnirdən kənarlaşdırıb.

İlk klassik partiyada məğlub olan Karyakin əzmkarlıq və ustalıq sayəsində qələbə qazanıb. Hərçənd ikinci partiyada da Sergey bir sıra səhvlərə yol verib. Anişuk bu səhvlərdən yararlana bilməyib və nəticədə təslim olmağa məcbur olub. Partiyada həlledici an 25-ci gedişdə baş verib. Anişuk üçün pis vəziyyət yaradan Karyakin rəqibin şahını sıxışdırmağa başlayıb və tezliklə istəyinə çatıb. Tay-brekdə isə Ukrayna əsilli qrossmeyster on dəqiqəlik rapid zamanı 1/16 finala vəsiqəni rəsmiləşdirib.

Blits şahmatda Yan Nepomnyaşiy Loran Fressineyə qalib gəlib. Vey İ isə Yuriy Vovkadan güclü olub. Günün ən gec başa çatan görüşündə Maykl Adams sevinib. Təcrübəli şahmatçı ilk klassik partiyada uduzduğu Viktor Lazniçkanın sözün əsl mənasında əsəbləriylə oynayıb. İkinci klassik partiyada qələbə qazanmaqla ümumi hesabı bərabərləşdirən Adams duelin taleyini "Armaqeddon"da həll edib. Ağlarla oynayan Maykl Adams qələbə qazanmaqla Dünya Kubokunda mübarizəni davam etdirmək imkanı qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə