"Qarabağ" döyüşə kimlərlə gedir?

Ağdam klubu çətin sınaq qarşısındadı
"Qarabağ" döyüşə kimlərlə gedir?

"Qarabağ" çətin sınaq qarşısındadı. Ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə qatılmaq şansı əldə edən Qurban Qurbanovun yetirmələri sabah İngiltərənin köklü klublarından "Tottenhem"in qonağı olacaq. Londonda baş tutacaq qarşılaşmaya gənc mütəxəssisin hansı heyətlə çıxacağı indidən maraqla gözlənilir. "Qarabağ"ın güclü rəqibi qarşısında ilk növbədə qapısını toxunulmaz saxlamağa çalışacaq. Sözsüz ki, belə durumda Qurban Qurbanovun daha çox müdafiəyə diqqət yetirəcəyi istisna deyil.

Bu səbəbdən "atlılar"ın çalışdırıcısının 4-3-2-1 sxemindən istifadə edəcəyi daha real görünür. "White Hart Lane" stadionunda baş tutacaq qarşılaşmada son çempionun qapısını İbrahim Şehiçin qoruyacağı heç kimdə şübhə doğurmur. Topaz Premyer Liqasının 4-cü turunda Qurbanovun istirahət verdiyi Rəşad Sadıqov və Bədavi Hüseynov müdafiənin mərkəzində olacaq. Müdafiənin sol cinah hər zaman olduğu kimi Ansi Aqollinindi. Sağ cinah isə bir qədər problemlidi. Maksim Medvedevin yoxluğunda İlqar Qurbanov müdafiənin sağ cinahına tam nəzarət edə bilmir. Amma onu da nəzərə alaq ki, Medvedev zədədən qayıdıb. "Xəzər Lənkəran"la qarşılaşmanın ilk 45 dəqiqəsində çıxış edən Maksimin sabahkı qarşılaşmada da iştirak edəcəyi gözlənilir.

Müdafiənin önündə isə Riçard Almeyda və Qara Qarayev olacaq. Yarımmüdafiəçilərə gəlincə, mərkəz Dani Kintanaya tapşırılacaq. Sağ cinahda əvvəlki formasını bərpa edən Əfran İsmayılovun olacağı daha realdı. Hücumda hollandiyalı Raydell Pupona güvənəcək Qurban Qurbanovun, yarımüdafiənin sol cinahında da braziliyalı Reynaldoya şans verəcəyi daha real görünür. "Xəzər Lənkəran"la matçın qəhrəmanı Samuel Armenteros isə növbəsini ehtiyat oyunçular skamyasında gözləyəcək.

Beləliklə, "Qarabağ" "Tottenhem" qarşısına aşağıdakı heyətlə çıxacaq:


"Qarabağ": İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Ansi Aqolli, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov, Dani Kintana, Reynaldo və Raydell Pupon.

Bütün xəbərlər Facebook səhifəmizdə