Qədir Hüseynov: "Çalışacağam ki, daha da irəliləyim” AÇIQLAMA

Qədir Hüseynov: "Çalışacağam ki, daha da irəliləyim” AÇIQLAMA

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsində Çexiya təmsilçisi David Navaraya qalib gələrək növbəti mərhələyə adlayan Qədir Hüseynovun iştirakı ilə mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Q.Hüseynov ilk öncə Navaraya qarşı keçirdiyi ikinci partiyadan söz açıb: "İlk oyundan sonra hesabda öndə idim. Amma mənim strategiyam bu turnirdə hər oyunda qələbə qazanmaqdır. Bu gün də qalib gələ bilərdim. Rəqibdən fərqli olaraq, məndə həyəcan yox idi. Çünki bilirdim ki, ən pis halda tay-brekim var".

Qədir Hüseynov növbəti mərhələdə Liren Dinq (Çin) - Ernesto İnarkiyev (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bunla bağlı şahmatçımız deyib: "Liren Dinq ilk oyunda qalib gəlib. O, Çinin bir nömrəsi, üstəlik dünyada 7-8-ci şahmatçıdır. İtiriləsi heç nə yoxdur, mübarizə aparıb nəticəni fikirləşmək lazımdır. Əvvəlki mərhələdə rəqiblərim də məndən reytinq baxımından üstün idilər. Amma rəqiblə mübarizə aparmaq lazımdır. Çəkinsən, o özünü rahat hiss edəcək".

Q.Hüseynov qeyd edib ki, karyerasında ilk dəfədir ki, dünya kubokunda 2 mərhələ adlamağa müvəffəq olub: "Bu yarışa ciddi hazırlaşmışam. Təbii ki, həyəcan var. Amma komanda yarışlarında həyəcan daha çox olur. Mənə verdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına minnətdarlıq etmək istərdim. Bu, karyeramdakı 3-cü Dünya Kubokudur. İlk dəfə çıxış edəndə birinci mərhələni adlaya bilmişdim. Növbəti yarışda Vesli Souya tay-brekdə uduzdum. Birinci dəfədir ki, iki mərhələ keçirəm. Bununla kifayətlənmək fikrim yoxdur. Çalışacağam ki, daha da irəliləyim".

Bu gün istirahət edəcək şahmatçımız vaxtının müəyyən hissəsini ailəsi ilə birgə keçirmək istədiyini vurğulayıb: "Oğlumu görmək istəyirəm. Artıq 3 gündür ki, onu görmürəm və çox darıxmışam. Ailəmim yanında olmaq istəyirəm. Həmçinin də 1/16 finala ciddi hazırlaşmalıyam. Ata olduqdan sonra məsuliyyətim daha da artıb. Müəyyən problemlər var. Onları yoluna qoyduqdan sonra daha yaxşı çıxış edəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə