Qədir Hüseynov: "Dünya Kubokunda ilk dəfədir iki mərhələ adlayıram"
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsində Çexiya təmsilçisi David Navaraya qalib gələrək növbəti mərhələyə adlayan Qədir Hüseynovun iştirakı ilə mətbuat konfransı keçirilib. Qədir Hüseynov əvvəlcə Navaraya qarşı keçirdiyi ikinci partiyadan söz açıb: "Dünənki oyundan sonra hesabda öndə idim. Amma mənim strategiyam bu turnirdə hər oyunda qələbə qazanmaqdır. Bu gün də qalib gələ bilərdim. Rəqibdən fərqli olaraq, məndə həyəcan yox idi. Çünki bilirdim ki, ən pis halda tay-brekim var".
Qədir Hüseynov növbəti mərhələdə Liren Dinq (Çin) - Ernesto İnarkiyev (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bunla bağlı şahmatçımız deyib: "Liren Dinq ilk oyunda qalib gəlib. O, Çinin bir nömrəli, üstəlik dünyada 7-8-ci şahmatçıdır. Əvvəlki mərhələdəki rəqiblərim də məndən reytinq baxımından üstün idilər. Amma rəqiblə mübarizə aparmaq lazımdır. Çəkinsən, o özünü rahat hiss edəcək".
Azərbaycan qrossmeysteri qeyd edib ki, karyerasında ilk dəfədir dünya kubokunda iki mərhələ adlamağa müvəffəq olub: "Bu yarışa ciddi hazırlaşmışam. Mənə verdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına minnətdarlıq etmək istərdim. Bu, karyeramdakı üçüncü Dünya Kubokudur. Birinci dəfədir ki, iki mərhələ keçirəm. Bununla kifayətlənmək fikrim yoxdur. Çalışacağam ki, daha da irəliləyim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB