Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsinin ilk oyunları keçirilib. SİA-nın məlumatına görə, başa çatan 32 partiyadan 17-də heç-heçə qeydə alınıb, 15 görüşdə qalib müəyyənləşib. Altı oyunda reytinqi yüksək olan iştirakçı məğlubiyyət acısı yaşayıb. Doqquz görüşdə isə favorit göstərilən şahmatçı qalib gəlib.
Turun ən tez başa çatan görüşü İlya Smirin-Teymur Rəcəbov dueli olub. 45 dəqiqə davam edən partiyada tərəflər heç-heçəyə razılaşıb. Dünya Kubokunun reytinq favoriti Veselin Topalov Belarus təmsilçisi Sergey Jigalkoyla heç-heçə oynayıb. Hikaru Nakamura-Samuel Shankland, Aniş Giri-Aleksandr Motılyov, Vladimir Fedoseyev-Aleksandr Qrişuk, Yevgeniy Tomaşevskiy-Ngoc Nquyen, Pentala Harikrişna-Sethuraman, Pyotr Svidler-Dieter Nisepyanu, İan Nepomnyaşiy-Laurent Fressient, Hou Yifan-Şəhriyar Məmmədyarov,Yang Ven-Peter Leko, Yu Yangyi-İgor Lyusi, Aleksandr Areşçenko-Levon Aronyan, Nikita Vityuqov-Le Quanq, Qabriel Sarkisyan-Maksim Vaşye-Laqrav, Sandro Mareco-Anton Kovalyov arasında partiyarlar sülhlə başa çatıb.
Günün ən maraqlı partiyalarından biri Qədir Hüseynovun Çexiya təmsilçisi David Navara üzərində qələbəsi olub. Navaranın debütdə səhvə yol verməsi azərbaycanlı şahmatçıya uğur qazanmağa kömək olub.
Qara fiqurlarla mübarizə aparan Şəhriyar Məmmədyarovun qadınlar arasında dünya çempionu Hou Yifanla heç-heçə oynaması gözlənilməz olub. Belə ki, oyunun gedişində xanım şahmatçının qələbə qazanmaq üçün imkanları var idi. Sadəcə olaraq Hou Yifan həmin gedişlərdən istifadə etməyib.
İngiltərə şahmatçısı Maykl Adamsın məğlubiyyəti çoxlarını təəccübləndirib. Lakin Adamsın səhvə yol verməsini və Viktor Lazniçkanın layiqli olaraq qələbə qazandığını qeyd etmək lazımdır. Sergey Karyakinin Aleksandr Onişuka uduzması, Çinin gənc şahmatçısı Lu Şanlenin məşhur həmyerlisi Van Xao üzərində parlaq qələbəsi xüsusi vurğulanmalıdır.
1/32 finalın ən gec başa çatan görüşü Vladimir Kramniklə Kuba təmsilçis Lazaro Bruzonun partiyası olub. 5 saat 31 dəqiqə davam edən görüşün sonunda Kramnik inamlı qələbə qazanıb. Partiyanın əvvəlindən üstünlük qazanan rusiyalı dünya çempionu sona qədər şansını əldən verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB