Sərbəst güləşçilərimiz Vətənə qayıtdılar FOTOSESSİYA

Sərbəst güləşçilərimiz Vətənə qayıtdılar FOTOSESSİYA

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə yığma komandamız və nümayəndə heyəti Vətənə qayıdıb. SİA-nın məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri, qohumları, azarkeşlər və jurnalistlər qarşılayıblar.

AGF-nin baş katibi Əjdər Cəfərov hər üç yığma komandamızın dünya çempionatında yüksək səviyyədə iştirak etdiyini qeyd edib: "Yarış hazırlıqlarına bir neçə ay öncədən başlamışdıq. Komandalarımız yüksək əzmkarlıq nümayiş etdirdilər. Hər üç növdə Olimpiya oyunlarına yetərincə lisenziyalar əldə etdik. Çempionatda Hacı Əliyev Azərbaycan güləş tarixinə adını qızıl hərflərlə yazdı. O, sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu oldu. İki il ardıcıl dünya çempionu adını qazanmaq hər idmançıya qismət olmur. Yalnız 86 və 61 kq çəki dərəcəsində güləşən idmançılar həm ötən il Daşkənddə, həm də bu yarışda çempion oldular. Ümumilikdə komandaların çıxışları qənaətbəxşdir. Güləşçilərimiz 8 medal və Olimpiya oyunlarına 11 lisenziya qazanıblar.

Nümayəndə heyətimiz yarışlardan 5 gün öncə yola salınmışdı. Onlar idmançılarımızın hər bir problem ilə yaxından məşğul olurdular".

Baş katib qeyd edib ki, hakimlər 65 kq çəki dərəcəsində güləşən Olimpiya çempionumuz Toğrul Əsgərova qarşı haqsızlıq ediblər: "İdmançımızın təmiz qələbəsi qeydə alınmadı. Hakimlərdən Dünya Güləş Birliyinə şikayət olunub. Yəqin ki, onlar haqqında müvafiq qərarlar çıxarılacaq".

İkiqat dünya çempionu Hacı Əliyev də sevinicini bölüşüb: "İkiqat dünya çempionu olmaq böyük sevincdir. Azərbaycan güləş tarixində ilkə imza atdığımza görə çox şadam. Çalışacağam ki, üçqat, dördqat dünya çempionu olum. AGF rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Məşqçilərimə də təşəkkür edirəm.

Avropa və dünya çempionuyam, çalışacağam ki, olimpiya çempionu olum".

Sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudov güləşçilərimizin dünya çempionatında uğurlu çıxışları ilə bağlı xalqımızı təbrik edib: "Komandamız böyük uğur qazanıb. Bütün xalqımızı və ölkə rəhbərliyini təbrik edirəm. Hacı Əliyev ikiqat dünya çempionu olmaqla tarix yazdı. Toğrul Əsgərova qarşı isə hakimlər tərəfindən böyük haqsızlıq oldu.

Dörd çəkidə Olimpiya oyunlarına lisenziya qazandıq. 57 və 74 kq çəki dərəcələrində isə hələ ki, lisenziyamız yoxdur . Ancaq gələn ilin əvvəllərində 3 lisenziya turniri var. O turnirlərdə bu çəki dərəcələrində lisenziya qazanmağa çalışacağıq".

F. Umudov vurğulayıb ki, dekabr ayında yığma komandanın yeni tərkibi seçiləcək. O, qarşıdakı hədəfin Olimpiya oyunlarında yüksək nəticələr əldə etmək olduğunu vurğulayıb".

Xatırladaq ki, dünya çempionatında yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Olimpiya oyunlarına vəsiqə əldə edib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə