"Dünən tay-brekdə qələbə qazandım. Buna görə bir qədər yorğun idim. Amma şikayətlənmək üçün əsas yoxdur. Çünki rəqibim də mənim kimi ardıcıl 4-cü gün istirahətsiz oynayır". SİA-nın məlumatına görə, bu sözləri şahmatçımız Qədir Hüseynov Dünya Kubokunda 1/32 final mərhələsinin ilk görüşündən sonra deyib. Mərhələnin ilk oyununda Çexiya idmançısı David Navara üzərində qələbə qazanan Hüseynov partiya ilə bağlı bunları söyləyib: "Əslində bəxtimin gətirdiyini söyləmələyim. Xüsusən də debütdə. Çünki rəqibin oyununu analiz etmişdim. Elə mənim planlaşdırdığım kimi başladı oyuna. Buna görə də əvvəldən üstünlüyü ələ aldım və sonda da qələbə qazandım".
"Yarışa fərdi, yoxsa kiminləsə hazırlaşırsınız?" sualını şahmatçı belə cavablandırıb: "Bu suala cavab vermək istəməzdim. Hazırlaşdığım adam var. Amma daha geniş danışıb, rəqiblərimə məlumat vermək istəmirəm".
Q. Hüseynov bu gün Navaraya qarşı keçirəcəyi ikinci görüşdən də söz açıb: "İkinci görüşümüz də çətin keçəcək. Çünki Navara bu dəfə qələbə qazanmalıdır. O, irəli atılmağa məcburdur. Navaraya bu dəfə yalnız qələbə lazımdır. Əvvəlki mərhələdə də eyni halla qarşılaşmışdım. O zaman ikinci partiyanın gedişində kobud səhvə yol verdim. Qələbə qazanmaq üçün real gedişim olsa da, sonda məğlub oldum. Bu da psixoloji cəhətdən problem yaradırdı. Amma özümdə güc tapdım və tay-brekdə qələbə qazandım. Bu dəfə eyni səhvi təkrarlamaq istəmirəm. Sabah cütün taleyini həll etməliyəm ki, 1 gün istirahət edə bilim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB