Şəhriyar Məmmədyarov: "Vəziyyəti təhlükəli görürdüm" AÇIQLAMA

Şəhriyar Məmmədyarov: "Vəziyyəti təhlükəli görürdüm" AÇIQLAMA

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsinin ilk oyununda təmsilçimiz Şəhriyar Məmmədyarov çinli Hou Yifanla heç-heçə oynayıb. SİA-nın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında Şəhriyar Məmmədyarov bunları deyib: "Oyunun gedişində çox maraqlı vəziyyət yaranmışdı. Düşünürdüm ki, rəqib bir gediş etməklə heç-heçəyə oynayacaq. Vəziyyətə görə heç-heçə mənim üçün də rahat olardı. Amma rəqib fərqli oynadı. Bundan sonra vəziyyəti təhlükəli görürdüm. Bir sözlə, maraqlı vəziyyət idi. Rəqibim də yaxşı oynadı. Sona yaxın gördüm ki, qələbə qazanmaq üçün şans çox azdır. Bir epizodda yalandan tez oynadım ki, guya nə isə görürəm. Amma əslində heç nə görmürdüm".

"Rəqibin xanım olmasının sənin üçün hansısa fərqi var?" sualını qrossmeysterimiz belə cavablandırıb: "Baxır xanıma. Mənim rəqibim dünya çempionudur. Ən güclü qadın şahmatçı ilə oynadım. Belə xanım şahmatçıya qarşı kişilərdən daha çox ehtiyatlı oynamaq lazımdır".

Qeyd edək ki, bu gün Şəhriyar Məmmədyarovla Hou Yifan arasında ikinci görüş keçiriləcək. Bu dəfə Məmmədyarov ağ fiqurlarla mübarizə aparacaq. Görüş saat 15:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə