Millimiz Avropa çempionatının final oyununa vəsiqə qazanıb

Millimiz Avropa çempionatının final oyununa vəsiqə qazanıb

Binə Atçılıq Mərkəzində Polo üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, yarışda 4-cü turun görüşləri keçirilib. Bu mərhələ əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyil, açıq havada, yaşıl örtüklü meydanda baş tutub.

İlk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxıblar. Görüş millimizin 11:6 hesablı qələbəsi ilə başa çatıb. Ardınca İtaliya komandası Almaniya poloçuları ilə üz-üzə gəlib. Qarşılaşmada Almaniya təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb. 4-cü turda keçirilən son oyunda meydana İrlandiya və İspaniya komandaları çıxıblar. Bu dəfə sevinən tərəf İrlandiya millisi olub-8:6. Beləliklə, 4 turdan sonra 100 faizlik nəticə göstərən Azərbaycan seçməsi ən pis halda ikinci yeri təmin edərək, Avropa çempionatının final oyununa vəsiqə qazanıb. Bu gün keçiriləcək sonuncu - 5-ci turda komandamız İspaniya seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq. Buna qədər isə, saat 17:00-da meydana Almaniya və İsveçrə komandaları çıxacaqlar. Avropa çempionatının 5-ci turuna saat 19:15-də start götürəcək İtaliya- İrlandiya oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, final oyunu sentyabrın 12-si saat 20:30-da başlayacaq. Həlledici oyunda seçməmizin rəqibi, 5-ci turun nəticələrinə əsasən bilinəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə