Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan şahmatçılarından biri Şəhriyar Məmmədyarov açıqlama verib. SİA-nın məlumatına görə, turirin mətbuat xidmətinə fikirlərini bildirən Məmmədyarov hazırlığı barədə bunları deyib: "Bildiyiniz kimi, son günlər azərbaycanlı şahmatçılar Qəbələdə hazırlıq keçdi. Düşünürəm ki, hər şey normal oldu. Əsasən ilk mərhələdəki rəqiblərimizlə oyuna hazırlaşırdıq. Bu dəfəki Dünya Kuboku heyət baxımından ən güclüsüdür. Ona görə əvvəlcə ilk rəqib haqda düşünmək vacibdir. Azərbaycan şahmatçıları məsuliyyəti başa düşür. Ona görə Dünya Kubokunda uğurlu çıxış etmək üçün əlimizdən gələni edəcəyik".
Ş. Məmmədyarov Dünya Kubokunda aşkar favoritin olmadığını deməklə əsas məqsədin finala çıxmaq olduğunu bildirib: "Dünya Kubokunda əsas finalçı olmaq önəmlidir. Yalnız finalçılar iddiaçılar turnirinə vəsiqə qazanacaq. Bu, şahmatçılar üçün son şansdır. Son üç mövsümdə Azərbaycan dünya çempionluğuna iddiaçıların turnirində təmsil olunub. Çox istərdik ki, yeni mövsümdə də belə olsun.
"Dünya Kubokunda yekun nəticəni proqnoz vermək mümkün deyil. Hər bir şahmatçı iki dəfə üz-üzə gəlir. Düzgün taktika, hətta güclü rəqibi belə məğlub etməyə kömək edir. Sözsüz ki, bütün şahmatçılarımıza inanırıq. Daha çox mənimlə yanaşı, Teymur Rəcəbovdan uğur gözlənilir. Çox istərdim ki, Dünya Kubokunun finalında iki azərbaycanlı şahmatçı qarşılaşsın. Teymurla finalda mübarizə aparmaq ideal olardı. İndiki halda bizi çətin marafon gözləyir. Hər bir şahmatçımıza uğurlar arzulayıram".
Qeyd edək ki, Ş. Məmmədyarovun indiyə qədər Dünya Kubokunda ən yaxşı nəticəsi 1/4 finala vəsiqə qazanmaq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB