Azərbaycan millisi Avropa çempionatında vahid liderdir

Binə qəsəbəsindəki "Elit Atçılıq və Polo" klubunda Polo üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, yarışın 3-cü günü Azərbaycan milli komandası İrlandiya seçməsi ilə qarşılaşıb. Görüş seçməmizin 7:4 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız ardıcıl 3-cü qələbədən sonra xallarınını sayını 6-ya çatdıraraq turnir cədvəlinin vahid liderinə çevrilib.

Günün digər görüşündə ilk olaraq meydana İsveçrə və İtaliya komandaları çıxıblar. Oyun İsveçrə təmsilçilərinin aşkar üstünlüyü şəraitində başa çatıb 11:1. Ardınca Almaniya seçməsi İspaniya komandasını sınağa çəkib. Görüş almaniyalı polo ustalarının 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra Polo üzrə Avropa çempionatında 3 günlük fasilə yaranıb. Yarışın növbəti mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyil, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək. Sentyabrın 10-u ilk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş saat 17:00 -da başlayacaq. Saat 18:00-da isə İtaliya komandası Almaniya poloçuları ilə üz-üzə gələcək. Dördüncü turda keçiriləcək son oyun saat 19:15-ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə