Dünya Kubokunun tərəfdaşları ilə müqavilələr imzalandı FOTOLAR

Dünya Kubokunun tərəfdaşları ilə müqavilələr imzalandı FOTOLAR

Xəbər verdiyimiz kimi, paytaxtımızda sentyabrın 10-dan şahmat üzrə Dünya Kuboku yarışlarına start veriləcək. SİA-nın məlumatına görə, bu gün həm Dünya Kuboku, həm də 2016-cı ildə Bakıda keçiriləcək şahmat olimpiadasının bir sıra tərəfdaşları ilə müqavilələr imzalanıb. Tədbirdə Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, "Dünya Kuboku-2015" və "Bakı Şahmat Olimpiadası-2016"nın Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, AŞF-nin vitse-prezidenti Faiq Həsənov, tərəfdaş şirkətlərin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Çıxış edən M. Məmmədov ölkəmizdə şahmatın inkişafından, idmana göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycan şahmatçılarının beynəlxalq uğurlarından söz açıb, təmsilçilərimizin dünyada liderlər sırasında olduqlarını vurğulayıb.

M. Məmmədov bildirib ki, Dünya Kubokunda 45 ölkədən 128 şahmatçı yarışacaq. Onun sözlərinə görə, yarışın finalçıları İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar. O, şahmatçılara veriləcək pul mükafatını Azərbaycanın təmin edəcəyini qeyd edib.

Azərbaycan Şahmat Federasiyası və bir sıra şirkətlər arasında tərəfdaşlıq barədə müqavilələr imzalanıb. Müqaviləni AŞF tərəfdən M. Məmmədov imzalayıb.

Daha sonra Mahir Məmmədov və Faiq Həsənov jurnalistlərin suallarını cavablandırıblar.

M. Məmmədov bildirib ki, Dünya Kubokunda ölkəmizi 6 şahmatçı təmsil edəcək - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli.

"Dünya Kubokunun ölkəmizdə keçirilməsi şahmatçılarımız üçün həm asan, həm də məsuliyyətli və çətindir. Bakıda keçirilmiş yarışlarda yalnız mərhum Vüqar Həşimov qalib olub. Şahmatçılarımızın məqsədi maksimum çox qələbə qazanmaq, qalib gəlmək olacaq",- deyə o qeyd edib.

M. Məmmədov bildirib ki, Dünya Kubokunda 4 Ermənistan şahmatçısı yarışacaq. Onlar Levon Aronyan, Qabriel Sarkisyan, Samvel Ter-Sahakyan və Qrant Melkumyandır. Qeyd edib ki, onlardan başqa, ABŞ-ı təmsil edən erməni şahmatçılar da Bakıya gələcəklər - Samuel Sevyan və Varujan Akobyan. Sevyanla Akobyanın yanında psixoloq qismində başqa 2 nəfər də olacaq: "Erməni şahmatçıların təhlükəsizliyini təmin etmişik. Onlar da digər iştirakçılar kimi, "Fairmont Hotel"də qalacaqlar. Erməni şahmatçıların mühafizələrini bir qədər artıracağıq. Amma xüsusi mühafizəyə ehtiyac yoxdur".

Nəzərinizə çatdıraq ki, Dünya Kubokunun açılış mərasimi sentyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə