Avropa çempionatının iştirakçıları təqdim olundu FOTOLAR

Avropa çempionatının iştirakçıları təqdim olundu FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakıda Polo üzrə Avropa çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, bu gün çempionatla bağlı mətbuat konfransı və iştirakçı komandaların təqdimat mərasimi keçirilib. Tədbirdə "World Polo" şirkətinin prezidenti Reto Qaudenzi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev, Azərbaycan milli komandasının baş məşqçisi Silvestre Qarros, Almaniya millisinin baş məşqçisi Dirk Baumgertner, İrlandiya millisinin baş məşqçisi James d. Kennedi, İtaliya millisinin baş məşqçisi Alessandro Qiaçetti, İspaniya millisinin baş məşqçisi Luis Benjumea Llorente, İsveçrə millisinin baş məşqçisi Adrian Laplacette, idmançılar və jurnalistlər iştirak ediblər.

"World Polo" şirkətinin prezidenti Reto Qaudenzi bu idman növünün Azərbaycanda yarandığını və inkişaf etdiyini, ölkəmizdə idmana böyük maraq göstərildiyini qeyd edib. O, çempionatın ilk 3 gününün qapalı, növbəti günlərinin isə açıq arenada keçiriləcəyini bildirib. R. Qaudenzi ARAF-ın yüksək səviyyəli yarışları uğurla təşkil etdiyini deyib.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev isə ölkəmizdə idmana böyük qayğı göstərildiyini, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. O, tarixdə ilk dəfə Azərbaycanda təşkil olunan "Bakı-2015" I Avropa Oyunlarının yüksək şəkildə keçirildiyini vurğulayıb.

Baş katib yarış haqqında məlumat verərək bildirib ki, sentyabrın 4-dən 12-dək keçiriləcək çempionatda Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycan komandaları olmaqla 6 kollektiv yarışacaq.

B. Nəbiyev qeyd edib ki, Binə qəsəbəsindəki "Elite Horse & Polo Club"da keçiriləcək yarışın biletlərini Bakı şəhərindəki bütün kassalardan, eyni zamanda www.araf.az internet saytından "online" əldə etmək olar.

Mətbuat konfransının sonunda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Sonra isə yarış iştirakçılarının təqdimat mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə