“Panatinaikos”la cavab qarşılaşması çox çətin oyun olacaq" AÇIQLAMA

“Panatinaikos”la cavab qarşılaşması çox çətin oyun olacaq" AÇIQLAMA

Topaz Premyer Liqasının III turunun "Kəpəz"lə oyununda 1:0 hesabı ilə qalib gələn "Qəbələ" 3 xalı Ermin Zetsin qolu ilə qazanıb. SİA-nın məlumatına görə, "qırmızı-qara" formada ilk qolunu vuran bosniya və herseqovinalı hücumçu "Qəbələ" klubunun rəsmi saytına qarşılaşma haqda fikirlərini bildirib: "Kəpəz"lə oyunumuz çətin keçdi. Rəqib güclü, yaxşı komandadır. Bizə xeyli çətinliklər yaşatdı. Xoşbəxtlikdən rəqibin qol vurmaq cəhdləri alınmadı. Bəlkə də bizim üçün daha çox tarixi əhəmiyyət kəsb edən "Panatinaikos"la matçı düşünürdük. Bu üzdən də çətin oldu. "Kəpəz"lə qarşılaşmanın taleyini vurduğum qol həll etdi. Komandamda qol hesabımı açdığım üçün xoşbəxtəm. Ümid edirəm ki, bu, hələ başlanğıcdır və qollarımın davamı gələcək. Amma hər şeydən vacib olan komandamızın qələbəsidir".
Bosniya və Herseqovina millisinin AVRO-2016-nın sentyabrda keçiriləcək seçmə oyunlarına dəvət alan futbolçu "Qəbələ"nin növbəti oyunu haqda da danışıb. O, komandasının UEFA Avropa Liqasının pley-off mərhələsinin "Panatinaikos"la Yunanıstandakı matçı haqda fikirlərini bölüşüb:
"Panatinaikos"la cavab qarşılaşması çox çətin oyun olacaq. Rəqib favorit sayılsa da, inanıram ki, biz də yaxşı oyun göstərəcəyik. Mərhələ keçmək üçün özümüzə inanmalıyıq və bacarığımızın 100 faizini meydanda qoymalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə