Avqustun 20-da futbol üzrə UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ" komandası Bakıda Yunanıstanın "Panatinaikos" klubunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, "Bakcell Arena"da keçirilən oyunda "Qəbələ"nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rikardinyo, Arif Daşdəmirov, Rafael Santos, Rəşad Sadiqov, Aleksey Qay, Sergey Zenyov, Dodo, Ermin Zets və Aleksey Antonov meydana çıxıblar.
"Panatinaikos"un ilk on birliyində isə Luk Stil, Giorgos Kutrumbis, Statis Tavlaridis, Nano, Zeka (k), Yens Vemmer, Robin Lod, Nikos Kaltsas, Daniyel Pranyiç, Nikos Karelis və Mladen Petriç yer alıblar.
"Qəbələ" komandasının üstünlüyü ilə keçən oyunun ilk hissəsində hesab açılmayıb (0:0). Qarşılaşmanın 4-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Aleksey Qayın zərbəsini rəqib komandanın qapıçısı çətinliklə dəf edərək ona fərqlənmək imkanı verməyib.
Matçın 16-cı dəqiqəsində Mladen Petriçin zərbəsi qapının dirəyinə dəyib. 22-ci dəqiqədə isə rəqib oyunçunun qol vurmasına komandamızın qapıçısı D.Bezotosnı mane olub. 28-ci dəqiqədə "Qəbələ"nin yarımmüdafiəçi Dodonun zərbəsi rəqib komandanın qapısının üstündən keçib. Oyunun 31-ci dəqiqəsində "Panatinaikos"un futbolçusu Zeka kobudluğa görə sarı vərəqə ilə cəzalandırılıb. Görüşün 32-ci dəqiqəsində A.Antonovun zərbəsi qapıdan bir neçə santimetr aralı keçib. 36-cı dəqiqədə Dodoya qarşı kobudluğa görə cərimə zərbəsi təyin olunub. Sergey Zenyovun, daha sonra isə Arif Daşdəmirovun vurduğu zərbələri rəqib komandanın müdafiəçiləri dəf ediblər.
İkinci hissədə daha sürətli oyun sərgiləyən komandalar ilk dəqiqələrdə qapılar qarşısında təhlükəli vəziyyətlər yaradıblar. Qarşılıqlı hücumlar şəraitində keçən matçın 47-ci dəqiqəsində M.Petriçin cərimə zərbəsinin müdafiəçilərimiz qarşısını alıblar. 49-cu dəqiqdə "Qəbələ"nin braziliyalı yarımmüdafiəçisi Rafael Santos kobudluğa görə sarı vərəqə ilə cəzalandırılıb. 54-cü dəqiqədə A.Antonovun zərbəsi qapının üstündən keçib. 58-ci dəqiqədə Ermin Zetsin əvəzinə meydana Samir Zərgərov daxil olub. 63-cü dəqiqədə rəqib komandanın almaniyalı futbolçusu Yens Vemmer qəbələli Dodoya qarşı kobudluğa görə sarı kartla cəzalandırılıb. Görüşün 67-ci dəqiqəsində A.Antonov hesab açmaq imkanını yararlana bilməyib. 73-cü dəqiqədə Samir Zərgərovun vurduğu topu rəqib qapıçısı asanlıqla tutdu. 81-ci dəqiqədə Ağdam komandasının qapıçısı D.Bezotosnı oyuna sonradan daxil olan rəqib hücumçu Markus Berqin fərqlənməsinə imkan verməyib. 88-ci dəqiqədə rəqib müdafiəçilərin kobud səhvindən istifadə edən S.Zenyovun zərbəsi dəqiq alınmadı. Oyunun sonunadək hesab dəyişmədi (0:0).
Beləliklə, Bakıdakı ilk matçdan heç-heçə ilə ayrılan Roman Qriqorçukun komandası tarixində ilk dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansını saxladı.
Görüşün əsas hakimi ingiltərəli Andre Marriner olub. Köməkçi hakim funksiyasını onun həmyerliləri Simon Bennet, Li Betts və Robert Madli yerinə yetiriblər.
Matçı izləmək üçün stadiona gəlmiş çoxlu sayda azarkeş komandamızı fəal dəstəkləyiblər.
Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Afinanın "Apostolos Nikolaidis" stadionunda keçiriləcək.
İki oyunun nəticəsinə görə üstün olan kollektiv Avroliqa yarışlarının qrup mərhələsinə vəsiqə qazanacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB