Almaniya Bundesliqasına start verildi

Almaniya Bundesliqasına start verildi

Avqustun 14-də Almaniya Bundesliqasının 2015-2016-cı il mövsümünə start verilir. Bundesliqanın ilk turunun açılış matçında azarkeşlər klassik futbol qarşıdurmasının şahidi olacaqlar. Son üç ölkə çempionatının qalibi Münxenin "Bavariya" komandası "Allians Arena"da "Hamburq" komandasını qəbul edəcək. Yeni mövsümdə "Bavariya"nın ən böyük itkisi "Mançester Yunayted" klubuna transfer olan Bastian Şvaynştayger hesab olunur. Baş məşqçi Josep Qvardiola onun yerinə heyəti çilili hücumçu Arturo Vidal və braziliyalı yarımmüdafiəçi Duqlas Kosta ilə gücləndirib. Bu mövsümdə "Bavariya"ya potensial rəqib kimi yenə də "Bayer Leverkuzen", "Volfsburq", Dortmund və Münxenqladbax "Borussiya"ları, eləcə də "Şalke" göstərilir.

Çempionluq uğrunda ənənəvi olaraq 18 komanda mübarizəyə aparacaq. Bu il "Bundesliqa"nın yeni üzvləri "İnqolştat" və "Darmştadt" komandalarıdır.

Bundesliqa 1963-cü ildə təsis edilib. Müxtəlif illərdə 29 alman klubu çempionluğu qazansa da, bu titula ən çox "Bavariya" sahib olub. Münxenlilər 25 dəfə ölkə çempionu olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə