Futbol üzrə Azərbaycan çempionatının ilk həftəsi uğurlu nəticələrlə yanaşı "Xəzər Lənkəran"ın bir sıra futbolçusu üçün əlamətdar faktlarla yadda qalıb. SİA-nın məlumatına görə, Lənkəranda yeni futbol mövsümü şənbə günü əvəzedici heyətlərin oyunu ilə başlayıb. Oyunun gedişində "İnter"in əvəzedicilərinə 0:2 hesabı ilə məğlub olan Elbrus Məmmədovun yetirmələri toparlanaraq yekunda 3:2 hesablı qələbəni bayram edib. Maraqlı fakltlardan biri o olub ki, həmin matçda "Xəzər Lənkəran"ın komandasında 4-ü start heyətində olmaqla 5 nəfər 1999-cu il təvəllüdlü futbolçu iştirak edib. Bunlardan Yusif Həsənov, İbrahim Qədirzadə və Şamxal Sadiqov ötən mövsüm əvəzedici heyətdə çıxış etmişdilərsə, yenicə peşəkar müqavilələrə imza atmış Kamal Dənziyev və Kənan Həsənov debüt matçlarına çıxıblar.
Elə qələbənin qazanılmasında da 16 yaşlı yetirmələr böyük rol oynayıb. İki il öncə akademiyanın skautları tərəfindən Astarada aşkar olunub komandaya cəlb olunan hücumçu Kamal Dənziyev komandanın ilk qolunu vurmaqla hesab arasındakı fərqi azaldıb. Bir qədər sonra məhz Kamala qarşı qayda pozuntusuna görə təyin olunan penaltini kapitan Zaman Mirzəzadə qola çevirib. Son dəqiqələrdə isə Kamal həmyaşıdı İbrahim Qədirzadəyə etdiyi qol ötürməsi ilə qələbəyə yekun tövhəsini verib.
Bu arada, İbrahim Qədirzadə üçün sözügedən matç onun əvəzedici heyətdə vurduğu ilk qolla yaddaşda qalıb. U-16 və U-17 liqalarında bu tip uzaqdan zərbələrlə vaxtaşırı fərqlənən yarımmüdafiəçi, artıq burada da qol hesabını açıb.
Bazar günü baş tutan əsas komandanın oyunu da 3 futbolçunun debütü ilə yadda qalıb. Ötən ilin əvvəlində komandaya cəlb olunan, amma heyətdə çıxış etmək imkanı əldə etməyən və bu yay icarədən qayıdan Orxan Əliyev start heyətində meydana çıxıb. O, qarşılaşmada yaxşı təəssürat bağışlaya bilib. Əvəzedicilərin kapitanı Zaman Mirzəzadə də əsas komandanın heyətində ilk oyununa çıxıb. Müdafiədə görməyə adət etdiyimiz "Xəzər Lənkəran"ın 20 yaşlı yetirməsi baş məşqçinin göstərişi əsasında mərkəz hücumçusu mövqeyində çıxış edib. Son dəqiqələrdə isə daha bir debüt baş tutub. 19 yaşlı Fərid Əsədov meydana daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB