Cüdoçular dünya çempionatına Qusarda hazırlaşırlar

Cüdoçular dünya çempionatına Qusarda hazırlaşırlar

Cüdo üzrə Azərbaycan yığma komandası avqustun 24-də Qazaxıstanda start götürəcək dünya çempionatına hazırlıqlarını Qusarda yerləşən "Şahdağ" Turizm Mərkəzində davam etdirir. SİA-nın məlumatına görə, baş məşqçi Hacıağa Hacıəhmədov, məşqçilər Mehman Əzizov və Əli Dərvişovun rəhbərlik etdikləri təlim-məşq toplanışına yığma komanda 26 nəfərlik heyətlə qatılıb. Cüdoçularla gün ərzində iki məşq keçirilir. Məşqlər zamanı həm fiziki, həm də texniki təlimlərə yer verilir.

Cüdo üzrə Azərbaycan yığma komandası Qazaxıstanın Astana şəhərində təşkil olunacaq dünya çempionatında 7 idmançı ilə təmsil olunacaq. Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (66 kq), Rüstəm Orucov (73 kq), Hüseyn Rəhimli (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və Elmar Qasımov (100 kq) bu mötəbər yarışda komandamızın medal qazanması üçün tatamiyə çıxacaq. Yığma komandamızın aparıcı üzvlərindən olan İlqar Muşkiyev və Orxan Səfərov isə zədə səbəbindən dünya çempionatına qatıla bilməyəcəklər.

Cüdo üzrə yığma komandamızın 10 günlük təlim-məşq toplanışına avqustun 14-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə