Premyer Liqada yeni mövsümə start verilir

Premyer Liqada yeni mövsümə start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünə start veriləcək. İlk oyun günündə 3 qarşılaşma baş tutacaq.

Premyer Liqanın debütantı "Zirə" öz meydanında AZAL-ı sınağa çəkəcək. Heyətini gücləndirən "Zirə"nin Premyer Liqada debütü maraqla gözlənilir. Yayda bir sıra aparıcı futbolçularını itirən AZAL-ın bu görüşdə qələbə qazanmaq şansı yüksək qiymətləndirilmir.

Heyətində gəncləşdirmə siyasəti aparan "Neftçi" ilk turda öz meydanında "Kəpəz"i qəbul edəcək. Avropa Liqasında uğursuz çıxışı ilə diqqət çəkən Samir Əliyevin komandası mövsümə qələbə ilə başlamağa çalışacaq. Lakin Şahin Diniyevin rəhbərlik etdiyi Gəncə təmsilçisi də səfərdən ən azı bir xalla ayrılmaq niyyətindədir. Yenidən Premyer Liqaya qayıdan "Kəpəz"in "Neftçi"yə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.

Maliyyə problemi ilə üzləşən "İnter" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Tarixi ərzində ilk dəfə Avropa Liqasında iki mərhələ adlamağı bacaran "İnter" Premyer Liqaya uğurlu start vermək niyyətindədir. Yayda heyətini gücləndirən "Xəzər Lənkəran"ın da doğma azarkeşləri önündə qələbəyə oynayacağı şübhə doğurmur. Lakin FİFA-nın kluba qoyduğu transfer qadağası səbəbindən "Xəzər Lənkəran"ın yeni transferləri ilk üç turda komandaya kömək edə bilməyəcək. Yunis Hüseynovun komandasının bu çətin sınaqdan necə çıxacağı maraqla gözlənilir.

Qeyd edək ki, ilk turun bütün oyunları eyni saatda - 21:00-da başlayacaq.

9 avqust

Azərbaycan Premyer Liqası, 1-ci tur

21:00. "Neftçi" – "Kəpəz"
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov
Bakı. 8-ci km qəsəbə stadionu.

21:00. "Zirə" – AZAL
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov
Zirə Olimpiya İdman Kompleksinin stadionu

21:00. "Xəzər Lənkəran" – "İnter"
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev
"Xəzər Lənkəran" mərkəzi stadionu

10 avqust

21:00. "Rəvan" – "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə
"Bayıl Arena"

21:00. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə