Avqustun 5-də futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyununda Azərbaycan çempionu, Ağdamın "Qarabağ" komandası Bakıda Şotlandiya çempionu "Seltik" kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda "Qarabağ"ın ilk on birliyində İbrahim Şehiç, Rəşad Sadıxov, İlqar Qurbanov, Bədəvi Hüseynov, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Əlhərabi Əl-Jadeyaui, Dani Kintana, Reynaldo və Raydel Pupon yer alıblar.
İsveçli baş hakimi Martin Strömberqsonun idarə etdiyi və Ağdam komandasının hücumları şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb (0:0). "Qarabağ" komandasında 24–cü dəqiqədə Reynaldo, 29-cu dəqiqədə isə Riçard Almeyda fəqrlənmək imkanı əldə ediblər. Lakin onların güclü zərbələrini rəqib komandanın qapıçısı çətinliklə də olsa dəf edib.
İkinci hissədə daha sürətli oyun göstərən komandalar ilk dəqiqələrdə qapılar qarşısında təhlükəli vəziyyətlər yaradıblar.
"Qarabağ"ın heyətində 52-ci dəqiqədə Rəşad Sadıxov, 56-cı dəqiqədə Əl-Jadeyaui hesab açmaq imkanını boşa veriblər.
Görüşün 62-cı dəqiqəsində Raydel Pupona qarşı kobudluğa görə "Seltik"in futbolçusu Stefan Yohansen sarı vərəqə ilə cəzalandırılırb.
64-cü dəqiqədə Qurban Qurbanov Raydel Puponun yerinə komandamızın yarımmüdafiəçisi Əfran İsmayılovu meydana çıxarıb. 73-cü dəqiqədə isə hücumların kəsərini artırmaq üçün baş məşqçi Əl-Jadeyauini Elvin Məmmədovla əvəzləyib. 82-ci dəqiqədə Bədəvi Hüseynov oyunda fərqlənmək imkanını qaçırıb. 84-cü dəqiqədə meydana çıxan yarımmüdafiəçi Cavid Tağıyev oyunun sonlarında sərbəst vuruşdan qol vurmaq imkanından istifadə edə bilməyib.
Təmsilçimizin bütün cəhdlərinə baxmayaraq Şotlandiya çempionuna oyunda qol vurmaq mümkün olmayıb. Nəticədə qarşılaşma 0:0 hesabı ilə heç-heçə yekunlaşıb.
"Qarabağ" – "Seltik" matçını çoxlu sayda azarkeş izləyib.
Xatırladaq ki, komandalar arasında Şotlandiyada keçirilən ilk oyunda Ağdam təmsilçisi minimal hesabla (0:1) məğlub olmuşdu.
İki oyunun nəticəsinə görə üstün tərəf olan "Seltik" növbəti mərhələyə adlayıb.
Beləliklə, Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində mübarizəni davam etdirəcək.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən və mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan "Qarabağ" həmin mərhələdə Monteneqronun "Rudar" komandasını yarışdan kənarlaşdırmışdı.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB