Komandamızda legionerlər də çıxış edəcək

Komandamızda legionerlər də çıxış edəcək

Qarşıdakı mövsümdə "Kəpəz" Peşəkar Futbol Klubunun heyətində yerli futbolçularla yanaşı, legionerlər də çıxış edəcək. Komandamız hücumçu Oleksandr Sytnik, yarımmüdafiəçilər Martins Junior Osvaldo Jose, Da Silva Junior Dario Frederiko və qolkiper Tadas Simaitis ilə güclənib. Adı çəkilənlərlə bir illik müqavilə bağlanılıb. Bu barədə SİA-ya "Kəpəz" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. Onun sözlərinə görə,"Sarı-göylər"in baş məşqçisi Şahin Diniyev əcnəbilərin komandaya cəlb olunması haqda fikirlərini bu çür bölüşüb: "Legionerlər Türkiyənin Ərzurum şəhərində keçirilən təlim-məşq toplanışında düşərgəmizə təşrif buyurdular. Onlara məşqlərdə və yoxlama oyunlarında baxdım. Açığı, bəyəndim. Bakıda bir daha baxmaq istədim, ona görə də futbolçuları ölkəmizə dəvət etdik. Komandaya legioner götürmək çox həssas bir məsələdir. Səhv etmək olmaz, tam əmin olandan sonra müqavilə bağlamalısan."

Xatırladaq ki, legionerlərdən Junior Osvaldo azarkeşlərimizə yaxşı tanışdır. O, bir vaxtlar Azərbaycan Premyer Liqasında çıxış edib. "Xəzər Lənkəran" və "Bakı"nın şərəfini qoruyub: "Bizə komandaya kömək edə biləcək futbolçular, o cümlədən legionerlər lazımdır. Deyə bilərəm ki, Juninyo belə oyunçulardandır. Onun oyunlarının kasetini izləmişdim, amma yenə də sınamaq istədim. Ümidlərimizi doğruldur. Heyətdəki bütün futbolçulara inanıram" – deyə Şahin Diniyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə