“Qəbələ” azarkeşlərə müraciət etdi

Klub Kiprin “Apollon” komandası ilə cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa çağırır
“Qəbələ” azarkeşlərə müraciət etdi

"Qəbələ" idman klubu Avropa Liqasının üçüncü təsnifat mərhələsində Kiprin "Apollon" komandası ilə oyunda baş vermiş qalmaqalla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin Larnaka şəhər stadionunda keçirilmiş "Apollon" – "Qəbələ" (1:1) oyununda baş verən hadisələr dərin təəssüf hissi doğurub. Futbol ictimaiyyətinin diqqətinə çatdırmaq istərdik ki, görüşdən əvvəl həm rəqib klubun rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyi bildirilib. Eyni zamanda, daha əvvəl klub və milli komandalar səviyyəsində Kiprdə keçirilmiş oyunlarda yaşanmış qalmaqallar hər iki tərəfin nəzərinə çatdırılıb. Xatırladaq ki, komandamızın kapitanı Cavid Hüseynov 2006-cı ildə 19 yaşlılardan ibarət futbol üzrə Azərbaycan–Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalıb.

Klubun bəyanatında təəssüf hissi ilə qeyd edilir: "Keçmişdə baş vermiş bənzər hadisələr bu oyunda da yaşanıb. Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsinə və "Apollon" klubunun rəhbərliyinə etiraz bildirilib və məsələyə müdaxilə etmələri tələb olunub. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını alıb. Bununla belə, bütün xəbərdarlıqlarımıza baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam edib. "Apollon" azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinməyiblər. Daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutan "Qəbələ" idman klubu meydanlarda bu cür hadisələrin baş verməsinə qarşıdır. Bu səbəbdən avqustun 6-da Bakıda "Apollon" klubuna qarşı keçiriləcək cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa və yalnız komandamızı dəstəkləməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə