“Bakı”nın son vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib FOTO

“Bakı”nın son vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib FOTO

"Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov və komandanın baş məşqçisi Novruz Əzimov mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda klubun son vəziyyəti, yeni mövsümdəki fəaliyyəti barədə məlumat veriblər. Y. Seyidov bütün yaş qruplarından ibarət komandaların və məşqçilər heyətinin yeni mövsümə hazır olduğunu qeyd edib. O, "Bakı"nın Azərbaycan Premyer Liqasında çıxış etmək ehtimalının olduğunu bildirib: "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov bununla bağlı görüşdədir. Görüşdə komandanın Premyer Liqa, yoxsa I divizionda iştirakı məsələsi müzakirə oluna bilər. Dünən də bu istiqamətdə danışıqlar aparılıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə də danışmışıq. Bir neçə tanınmış futbolçu ilə danışıqlar aparırıq. Onların hələlik adlarını açıqlamaq istəmirəm. Premyer Liqada oynasaq, həmin futbolçuları transfer edəcəyik".

İcraçı direktor "Bakı"nın bazasında hazırda pis vəziyyətdə olan meydançaların avqustun sonlarınadək qaydasına düşəcəyini deyib: "Artıq yeni xarici şirkətlə əməkdaşlığa başlamışıq. Tezliklə işlərə başlanılacaq. Stadionların saxlanılması maliyyə baxımından asan məsələ deyil. Amma biz çalışırıq ki, bu məsələni öz imkanlarımız hesabına həll edək".

"Bakı" futbol komandasının sabiq baş məşqçisi Milinko Pantiçin yenidən Azərbaycana gələcəyini bildirən Y. Seyidov serbiyalı mütəxəssisin İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları ilə "Bakı arasında əlaqələndirici rol oynayacağını qeyd edib: "Bakı"nın nəzdində yaradılacaq 8 yaşdan yuxarı uşaqlar üçün pullu qruplardan seçiləcək futbolçular "Lans" və ya "Atletiko"ya göndəriləcəklər. Eyni zamanda, bu iki klubun dünya ulduzları Bakıya gələrək, uşaqların məşqlərini izləyəcəklər".

Konfransda "Bakı"nın futbol akademiyasının bir neçə yetirməsinin Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalarda və Avroliqada yarışan "Qarabağ" klubunda yer aldıqları bildirilib. Qeyd olunub ki, "Bakı"nın kifayət qədər yetirməsi var və klublar bu oyunçuları transfer edə bilərlər. Komandanın bütün yaş qrupları, əsas heyəti və məşqçilər korpusu da yeni mövsüm üçün komplekləşdirilib və klub yeni mövsümdə də iddialı çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə