Şəhərimizin adına layiq futbol sərgiləmək üçün var gücümüzlə çalışırıq

Şəhərimizin adına layiq futbol sərgiləmək üçün var gücümüzlə çalışırıq

"Məşqlər çox yüksək səviyyədə keçir, hər şey əladır. Ərzurumda toplu məşqlərə üstünlük verib, texniki və taktiki hazırlıq üzərində işləyirik". Bu sözləri SİA-ya "Kəpəz" Peşəkar Futbol Klubunun gənc futbolçusu Tural Rzayev bildirib. Komandanın hücumameylli yarımmüdafiəçi həmçinin Şahin Diniyevlə işləməyin onlar üçün fürsət olduğunu da dilə gətirib. Tural Rzayev hazırlıq prosesində təcrübəli baş məşqçinin əməyini yüksək qiymətləndirib: "Şahin müəllimlə işləmək əlbətdə ki, bizim xeyrimizədir. Bu, bizim üçün bir şansdır. Diniyev sözünü demiş məşqçidir. Fikrimcə, biz gənclər onun rəhbərliyi altında çox şey öyrənəcəyik. Məşqlərdə futbolçulara dəyərli məsləhətlər verir, yol göstərir".

Qeyd edək ki, 22 yaşlı futbolçu "Kəpəz"ə Gəncədə təşkil olunan seleksiya toplanışından sonra düşüb. Xatırladaq ki, Tural Rzayev 30-dan çox namizəd arasından seçilən üç oyunçudan biridir.

O, özünü Bakıda keçirilən yoxlama oyunlarında da yaxşı tərəfdən göstərməyi bacarıb: "Komandaya dəvət alan bütün gəncəli futbolçular kimi mənim üzərimə də daha çox iş düşür. Azarkeşlər bizi diqqətdə saxlayacaqlar. Gəncə doğma şəhərimizdi, çalışacağıq ki, şəhərimizin adına layiq futbol sərgiləyək. Bunun üçün var gücümüzlə çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə