Könüllülərə təşəkkürnamələr təqdim edildi YENİLƏNİB

Könüllülərə təşəkkürnamələr təqdim edildi YENİLƏNİB

Bu gün "Bakı 2015" ilk Avropa Oyunlarında iştirak edən 50 könüllü gəncə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın şəxsi imzası olan təşəkkürnamələr təqdim olunub. SİA-nın məlumatına görə, təşəkkürnamələri gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov təqdim edib.

Tədbirdə "Bakı 2015" ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimi və könüllülərin bu oyunlarda iştirakına həsr olunan video çarx nümayiş etdirilib.

Çıxış edən nazir Azad Rəhimov bildirib ki, 12-28 iyun tarixlərində Bakı şəhərində ilk dəfə keçirilmiş Avropa Oyunları dünya və Avropanın idman tarixinə həkk edilib: "Avropa Oyunlarının həyata keçirilməsində iştirak edən könüllülər bu oyunların uğurlu həyata keçirilməsinə öz töhfələrini veriblər. 20 minə yaxın gənc, könüllülər ordusuna qoşularaq, yüksək vətənpərvərlik, mədəniyyət, azərbaycanlılara xas olan qonaqpərvərlik nümayiş etdirib, ölkəmizə gələn hər bir qonaqda yaddaşlardan silinməyən xoş təəssüratlar yaradıb".

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva könüllərin fəaliyyətinə yüksək qiymət verib, onları ölkəmizin qürur mənbəyi adlandırıb: "Məhz Prezident İlham Əliyevin tapşırığına əsasən hər bir könüllüyə cənab Prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əlieyva tərəfindən imzalanmış təşəkkürnamələrin təqdimatı həyata keçirilib".

Təhsil naziri Mikayıl Cabbarov diqqətə çatdırıb ki, könüllülər üçün ilk Avropa Oyunları daha həyəcanlı şəkildə yadda qaldı: "Çünki bu oyunların, bayramın keçirilməsində hər birinizin çox böyük rolu olub. Ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi oyunlar Azərbaycanı dünya xəritəsində tamamilə yeni şəkildə əks etdirdi. Hesab edirəm ki, oyunların Azərbaycana qoyduğu miras insan kapitalıdır".

Qeyd edək ki, təşəkkürnamələrin digər hissəsi növbəti həftə Prezident yanında Gənclər Fondu tərəfindən veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə