Azad Mustafayev: “Məqsədimiz uşaqların futbolla məşğul olmasını təmin etməkdir”

Azad Mustafayev: “Məqsədimiz uşaqların futbolla məşğul olmasını təmin etməkdir”

"Gəncə futbolunun mövcud vəziyyəti peşəkar klubla yanaşı, uşaq futbolunun durumuna da təsirsiz ötüşməyib. Maddi-texniki bazanın zəifliyi uşaq futbolunun inkişafını ləngidən səbəblərdən biri olub. İndi "Kəpəz" Peşəkar Futbol Klubunun qarşısında duran əsas vəzifələrdən biri uyğun şərait yaratmaqla, yerli uşaqların əlverişli şərtlər altında futbolla məşğul olmasını təmin etməkdir. Artıq bu istiqamətdə işlərə start verilib". Bu barədə SİA-ya "Kəpəz" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.

Onun sözlərinə görə, ilk olaraq Gəncə şəhər stadionunun ərazisində 10 il öncə AFFA tərəfindən salınan və illərlə yükləmədən dolayı sıradan çıxan kiçik ölçülü meydanın süni örtüklü qazonu dəyişdirilib: "Futbol oynamağa imkan verməyən köhnə örtük müasir standartlara cavab verən qazonla əvəzlənib".

Qeyd edək ki, bu işlər Gəncə şəhər rəhbərliyinin AFFA ilə birgə əməkdaşlığı nəticəsində həyata keçirilir. Tamamlama işlərindən sonra, gələn həftədən meydança komandaların istifadəsinə veriləcək.

Xatırladaq ki, bu, AFFA tərəfindən Gəncədə salınan sayca beşinci meydançadır.

Bütün xəbərlər Facebook səhifəmizdə