"Bakı-2015"də basketbol üzrə 3x3 yarışları maraqla və həyəcanla izlənilirdi. Qeyri-olimpiya idman növü olmasına baxmayaraq son zamanlar basketbol üzrə 3x3 yarışları diqqət mərkəzindədir. Bu idman növü üzrə Serbiya millisi ən güclü komandalardan hesab olunur. Bu yığmanın əsas hədəfi "Bakı-2015"də qızıl medal əldə etmək idi. Lakin gərgin keçən qarşılaşmalarda bu şansı itirən serbiyalı basketbolçular bu yarışların bürünc medalını qazanmaqla yaxşı komanda və mübarizəni son anadək davam etdirmək əzmində olduqlarını göstərdilər.
Yarışlarla bağlı fikirlərini bölüşən təcrübəli idmançı Dusan Bulut qızıl medalı əldən verdikləri üçün təəssüf hissi keçirdiyini, bununla belə medalçılar sırasına daxil olduqları üçün sevindiyini deyib: "Serbiyanı təmsil edərək medal qazandığımız üçün qürur hissi keçirirəm. Təbii ki, hədəfimiz qızıl medal idi, çünki bu komandanın dünyanın ən güclü yığması olduğunu bilirəm. Lakin yarımfinalda şanssızlıqla üzləşdik və gözləmədiyimiz bir məğlubiyyətlə qarşılaşdıq. Bununla belə, həvəsdən düşmədik və üçüncü yer uğrunda mübarizədə bütün gücümüzü səfərbər etdik. "Bakı-2015" möhtəşəm bir tədbir oldu, yarışlar, sözün əsl mənasında, böyük əks-səda doğurdu. Hesab edirəm ki, bu cür önəmli bir tədbirdə uğur qazanmaq Serbiya idmanı üçün növbəti nailiyyətlərdəndir".
Komandanın digər üzvü Marko Saviç isə bu cür çoxnövlü idman tədbirində ilk dəfə iştirak etməyin onlara fərqli bir həyəcan yaşatdığını bildirib: "Yarışlar gözlənildiyindən də yaxşı keçdi. Çünki bütün ölkələr Bakıya ən güclü idmançıları göndərmişdilər. Bu da rəqabəti artırırdı. Rəqiblərimizi yaxşı tanıyırdıq. Gərgin mübarizə yarışlara olan marağı daha da artırırdı".
Basketbol üzrə 3x3 yarışlarının 2012-ci ildə keçirilmiş ilk rəsmi dünya çempionatının qalibi olan Marko Zdero da Oyunların uzun müddət yaddaşlarda qalacağını qeyd edib: "Bu cür önəmli bir idman tədbirində Serbiya millisinin üzvü olmaq möhtəşəm bir hissdir. "Bakı-2015" yeni formatda yarışlar idi. Bu, bizim üçün fərqli və faydalı təcrübə oldu. Ümid edirəm ki, bu cür idman tədbirlərində bir daha iştirak imkanı əldə edəcəyik".
Serbiya millisinin digər bir üzvü, Yaponiyada keçirilmiş dünya çempionatının qalibi Dejan Majstrovoviç də "Bakı-2015"lə bağlı təəssüratlarını bölüşüb: "Medal qazandığımız üçün çox sevinirəm. Lakin etiraf etməliyəm ki, yarımfinal qarşılaşması bizim üçün çətin keçdi. Daha yaxşı nəticə əldə etməyə qadir bir komanda olduğumuzu bilirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB