Bu gün keçirilən ilk Avropa Oyunlarının yekun mətbuat konfransında gənclər və idman naziri, "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov bir sıra məqamlara aydınlıq gətirib. SİA-nın məlumatına görə, o, ilk Avropa Oyunlarının gəlirlərinin üç istiqamətdə olduğunu qeyd edib: "Bakı-2015" ilk Avropa Oyunlarının gəlirləri biletlərin satışı, sponsor vəsaiti və yayım hüquqlarının satışından əldə olunub. Bu üç istiqamət üzrə ilk Avropa Oyunlarından təxminən 15-17 milyon manat arasında vəsait toplanıb".
İlk Avropa Oyunları zamanı 1000 saatdan çox yayım həyata keçirildiyini qeyd edən nazir, açılış və bağlanış mərasimləri üçün büdcədən 100 milyon manat vəsait nəzərdə tutulduğunu deyib: "Xərclənən vəsaitin sonuncu hissəsi Bakıya gələn xüsusi sistemlər, qaldırıcı qurğular, xüsusi kostyumlara sərf olunub. Bütün bunların hesablanması həftənin sonuna qədər yekunlaşacaq. Düşünürəm ki, 100 milyondan aşağı bir rəqəm formalaşacaq. Ümumilikdə Avropa Oyunlarının büdcəsi 960 milyon manat idi. Bu büdcə müxtəlif istiqamətlərə xərclənib. Onların arasında açılış və bağlanış mərasimləri, mütəxəsislərin maaşı, texnologiya və digər sistemlər, müvəqqəti qurğuların tikilməsi və s var. Həmin büdcədən bir manat da kənara çıxmamışıq. Manatın devalvasiyası nəticəsində 134 milyon manat artıq xərc yaranmışdı, amma biz dövlətdən bu 134 milyon manatı istəmədik. Avropa Oyunlarının büdcəsində qənaət edib o məbləğdən kənara çıxmadıq".
A.Rəhimov qeyd edib ki, idmanı siyasətlə qarışdırmaq olmaz: "Pekin, Afina və Londonda da Olimpiya Oyunlarını siyasiləşdirməyə cəhd etmişdilər. Soçidə də müəyyən cəhdlər olmuşdu. Amma Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimində Avropa ölkələrinin prezidentlərinin, Baş nazirlərinin, yüksək dövlət rəsmilərinin iştirak etməsi sübut edir ki, idmanı siyasətlə qarışdırmaq olmaz.
Bəzi təşkilatlar bu Oyunlardan istifadə edib aidiyyəti olmayan məsələlərdən yazmağa çalışırdılar. Amma pozitiv yazanların sayı daha çox oldu və Oyunları siyasiləşdirməyə çalışan adamların səyləri heç bir nəticə vermədi".
Nazir qeyd edib ki, ilk Avropa Oyunlarında 100-dən artıq dünya və olimpiya çempionu iştirak edib və bu da yarışlara nə qədər güclü idmançıların gəldiyinin parlaq nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB