İlk Avropa Oyunlarının yekun mətbuat konfransı keçirilib FOTOLAR

İlk Avropa Oyunlarının yekun mətbuat konfransı keçirilib FOTOLAR

Bu gün "Bakı -2015" ilk Avropa Oyunlarının yekun mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda gənclər və idman naziri, "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov və "Bakı -2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq iştirak edib.

İlk olaraq I Avropa Oyunlarının bağlanış mərasiminin qısa xülasəsi göstərilib.

A. Rəhimov bu tədbirin axırıncı, amma sonuncu mətbuat konfransı olmadığını qeyd edib: "Azərbaycanda hələ çox möhtəşəm tədbirlər keçiriləcək. ilk Avropa Oyunlarını yüksək səviyyədə işıqlandırdıqlarına görə Media nümayəndələrinə minnətdarlığımı bildirirəm. Bütün qonaqlar Azərbaycandan razı ayrılırlar. Onlar yüksək təşkilatçılığa görə Azərbaycana minnətdarlıqlarını bildirirlər. Bağlanış mərasimi bir daha göstərdi ki, insanların ürəyi nə qədər sevinclə doludur. Komandamız misilsiz nəticələrə imza atdı. İdmançılarımız 56 medalla öz adlarını tarixə yazdılar. Azərbaycan Prezidenti İlham Əliyev onların hamısını təbrik etdi və mükafatlandırdı. Azərbaycanın birinci xanımı, "Bakı -2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Oyunların yüksək səviyyədə keçirilməsi üçün misilsiz xidmətləri oldu və cənab Prezident onu da təbrik və təltif etdi. "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq də Dövlət başçısı tərəfindən "Şöhrət"ordeni ilə təltif edildi. İlk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm".

S. Kleq onu mükafatlandırdığına görə Ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib. O, ilk Avropa Oyunlarının keçirilməsində Təşkilat Komitəsinin çox peşəkarlıqla işlədiyini bildirib.

"Fürsətdən istifadə edib sponsorlara və yayım işçilərinə minnətdarlığımı bildirirəm. 12500-dən artıq könüllü və məşəl qoruyanlar əllərindən gələni etdilər ki, bu möhtəşəm tədbir yüksək səviyyədə keçirilsin. Tamaşaçılar da idmançıları möhtəşəm şəkildə dəstəklədilər. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, "qara qızıl"ı insan kapitalına çevirmək istəyirik. Biz öz işimizlə Prezidentin fikirlərinin reallığa çevrilməsinə dəstək verməyə çalışdıq", - deyə S. Kleq əlavə edib.

Daha sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə