Azərbaycan Universiteti Xarici Dillər-2 kafedrasının müəllimləri üçün təşkil olunan CELTA (Certificate in English Language Teaching to Adults) - beynəlxalq sertifikasiya proqramı təlimləri yekunlaşıb. Universitetdən SİA-ya verilən xəbərə görə, təlimləri başa vurub sertifikat alan müəllimlər dünyanın istənilən nöqtəsində ingilis dilini tədris edə biləcəklər.
Xarici Dillər-2 kafderasının müdiri Raifə Qəhrəmanova sertifikatın karyera perspektivləri və üstünlükləri haqqında məlumat verərək qeyd edib ki, CELTA beynəlxalq səviyyədə tanınır, ingilis dili müəllimliyi sahəsində dünyanın başqa ölkələrində də iş tapmaq imkanlarını genişləndirir və müəllimlərin peşəkar inkişafına kömək edir. Təlimlərin kafedra əməkdaşlarının inkişafına mühüm töhfələri olacaqdır.
Kafedra müdiri bildirib ki, bir aylıq intensiv təlimlərdə 11 müəllim iştirak edib. Müəllimlərin performansı Cambridge English tərəfindən sertifikatlaşdırılacaq. Təlimlərin təşkilinə isə qurumun tərəfdaşı olan "International Training Institute"un İstanbul şöbəsi cavabdehdir.
Raifə Qəhrəmanova qeyd edib ki, müəllimlər həm təlim öncəsi, həm də təlim zamanı ciddi hazırlıq mərhələsindən keçiblər. Sertifikat almaq üçün konkret imtahana ehtiyac yoxdur. Təlim müddəti ərzində müəllimlərin performansı hər dərs üçün hazırladıqları dərs planları, tədris edəcəkləri mövzu ilə bağlı iştirakçılar üçün hazırladıqları tapşırıqlar, əlavə material üzrə hazırlıq, oxuma, iştirakçıların fəallığı kriteriyaları üzrə dəyərləndirilir: "Hər müəllim təlim boyunca 4-ü başlanğıc, 4-ü isə orta səviyyədə olmaqla 8 dərs keçməlidir. Hər dərs International Training Institute qurumunun nümayəndələri tərəfindən ayrı-ayrılıqda dəyərləndirilir, həm də ümumi dəyərləndirmə aparılır".
Qeyd edək ki, Xarici Dillər-2 kafedrası Azərbaycan Universitetində Dünya iqtisadiyyatı/Beynəlxalq biznes, Mühasibat uçotu və audit, Maliyyə, Menecment və Marketinq ixtisasları üzrə ingilisdilli proqramlarda təhsil alan tələbələrin dil hazırlığını həyata keçirir. Kafedra tərəfindən tətbiq edilən İngilis dili proqramının (İDP) əsas məqsədi tələbələrin ingilis dili üzrə həm yazılı, həm də şifahi bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə oxu, yazı, dinləmə və danışıq qabiliyyətlərinin inkişafının təmin edilməsidir. Prioritet olaraq tələbələrə akademik yazının əsas qaydalarının öyrədilməsi və onlarda tənqidi təfəkkürün – tənqidi düşünmə və oxuma, eləcə də analiz etmə qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB