Almaniya Avropa Oyunlarının çempionu oldu

Bolqarlar gümüş, ruslar bürünc qazanıblar
Almaniya Avropa Oyunlarının çempionu oldu

İlk Avropa Oyunlarının son günü "Baku Crystal Hall"-da kişi voleybolçulardan ibarət Polşa və Rusiya komandaları arasında bürünc medal uğrunda qarşılaşma keçirilib. Xəbər verilir ki, görüşün birinci hakimi həmyerlimiz Eldar Əliyev, ikinci hakim isə Sergey Şlaypnikov olub.

İlk setdə Rusiya millisi rəqibini 26:24 hesabı ilə üstələyib. İkinci setdə isə polşalı voleybolçular hesab arasındakı fərqə tarazlıq gətiriblər - 25:23. Ardıcıl iki setdə Rusiya millisi 25:23 hesabı ilə qələbə qazanıb.

Beləliklə, rəqibini 3:1 hesabı ilə məğlub edən Rusiya millisi birinci Avropa Oyunlarının bürünc medalına sahib olub.

Qızıl medal uğrunda oyunda isə Bolqarıstan və Almaniya milliləri qarşılaşıb.

İlk setdə almaniyalı voleybolçular üstün olublar - 25:16.

İkinci setdə də üstün oyun nümayiş etdirən almaniyalı voleybolçular 25:18 hesabı ilə qələbə qazanıblar.

Gərgin keçən üçüncü setdə Bolqarıstan yığması 31:29 hesabı ilə qalib gəlib.

Dördüncü setdə 25:21 hesabı ilə qalib gələn Almaniya voleybolçuları birinci Avropa Oyunlarının çempionu olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə