İstanbulda gənclər arasında güləş üzrə Avropa çempionatında uğurla çıxış edən qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar. SİA-nın məlumatına görə, güləşçilərimizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, azarkeşlər və jurnalistlər qarşılayıblar.
Azərbaycanın qadın güləşi üzrə yığma komandasının böyük məşqçisi Yaqub Məmmədov güləşçilərimizin çıxışını belə şərh edib: "Azərbaycanlı qadın güləşçilər çox güclü rəqabət şəraitində Avropa çempionu oldular. Bakıda keçirilən l Avropa Oyunlarında iştirak edən bir neçə idmançı da yarışlara qatılmışdı. Azərbaycanı təmsil edən qızlar bütün komandaları heyran etdilər. Rusiyalı məşqçilər demək olar ki, sıradan çıxmışdılar. Komandamızın birinci yerə çıxacağına əmin idik. Bizim qızıl medalımız yox idi. Şükürlər olsun ki, keçmiş Avropa və dünya çempionu Səbirə Əliyeva bizə qızıl medal qazandırdı".
Qızıl medal qazanan Səbirə Əliyeva isə jurnalistlərə bildirib ki, bu, onun ilk uğuru deyil: "Çox sevinirəm ki, məşqçilərimin ümidlərini doğrultdum. İnanıram ki, bundan sonra da uğurlu nəticələr qazanacağam. Finaldakı rəqibim Ukrayna təmsilçisi idi və ona böyük üstünlüklə qalib gəldim".
Xatırladaq ki, güləşçilərimizdən Səbirə Əliyeva (72 kq) qızıl, Leyla Qurbanova (51 kq), Elis Manolova (67 kq) və Alyona Kolesnik (55 kq) gümüş, Raqnetta Qurbanzadə (63 kq) və Türkan Nəsirova (44 kq) bürünc medal qazanıb. Yığmamız komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla Avropa çempionu adını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB