"Mən bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Çünkü bu qələbə tək mənim qələbəm yox, bütün Azərbaycan xalqının qələbəsidir". Bu sözləri SİA-ya müsahibəsində Avropa Oyunlarında karate yarışlarında qızıl medal qazanmış Ayxan Mamayev deyib. O qeyd edib ki, Avropa Oyunlarında iştirak etmək qürurvericidir. Cənab Prezidentin təşəbbüsü ilə Avropa Oyunlarına daxil edilən karate ona olan ümidi doğruldaraq 4 qızıl medal bəxş edib. Ayxan Mamayevlə hazırladığımız müsahibəni oxucularımıza təqdim edirik:
- Bu günə qədər hansı yarışlarda iştirak etmişdiniz və Avropa Oyunlarında iştirakınız hansı təəssüratlar yaratdı?
- Bu vaxta qədər müxtəlif yarışlarda iştirak etmişəm. Dünya və Avropa çempionatlarında, İslam Olimpiadalarında yarışmışam. Amma Avropa Oyunları ilk dəfə keçirilirdi və mən bu yarışda ilk idmançılardan biri olaraq iştirak edirdim. Müxtəlif medallarım, mükafatlarım var amma Avropa Oyunları kimi önəmli yarış mənim üçün olmamışdı. Çünki, bu vətəndə keçirilən bir idman yarışı idi və ilk Avropa Oyunları idi. Çox sevindirici haldır ki, bu ilk oyunlar Bakıda keçirildi. Mən çox sevinirəm ki, qələbəni Azərbaycana bəxş edə bildim.
- Avropa Oyunlarına karatenin daxil edilməsi Azərbaycana nə qazandırdı?
- Mən ilk növbədə cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, məhz onun təşəbbüsü ilə biz bu oyunlarda iştirak etdik. Çox sevindirici haldır ki, Prezidentimizin bizə inamı boşa getmədi. Karatedə 4 qızıl və 2 bürünc medal qazandıq. Açılış mərasimi iyunun 12-də oldu və artıq 13 və 14-də ilk olaraq karate oyunlara qatıldı. Qızıl medallar əldə edərək estafeti biz digər oyunçulara verdik. Mən çox sevinirəm ki, qızıl mükafatçılar arasında mənim də adım var.
- Qeyri–Olimpiya idman növü olan karatenin olimpiyadaya daxil edilməsi mümkündürmü?
- Karate qeyri- Olimpiya növüdür. Ehtimal var ki, 2020-ci ildən artıq biz Olimpiya oyunlarında iştirak edək. Buna çox böyük ümidlər var. Arzu edirəm ki, bu ümidimiz yerinə yetər.
- Rəqibləriniz çətin idimi, məğlub etmək asanmı oldu?
- Heç bir yarış asan olmur. Qeyd etmək istəyirəm ki, bu yarışa 8 ən güclü idmançı gəlmişdi. Hamısı lisenziya qazanmış idmançılar idi. İçərisində Azərbaycan idmançıları da mövcud idi. Ən ağır görüşüm Yunan idmançı ilə oldu. İlk döyüşdə qarşılaşdığım Yunan idmançı ilə mən finalda da görüşdüm. Ağır olmağına baxmayaraq, Allah üzümə baxdı və mən arzuma çatdım. Arzum bu idi ki, özüm şəxsən himnimizi oxuyum, bayrağımızı yüksəldim. Çox sevinirəm ki, himnimizi özüm oxuya bildim.
- Himnimiz səslənən zaman hansı hissləri keçirdiniz?
- Mənə himnimiz oxunan zaman hansı hissləri yaşadığım haqqında suallar tez- tez verilir. Bu elə bir hissdir ki, bu hissi yaşamaq üçün ancaq idmançı olmaq lazımdır. Çünki, həyatda 5 ən gözəl hiss varsa, bunlardan biri də himnimizin səslənməsi və bayrağımızın ucaldılmasıdır.
- Döyüş zamanı üzdən zədə almışdınız, bu oyunların davamında problem yaratdımı?
- Döyüşlərdə üz nahiyyəmdən zədə aldım və buna dözməli oldum. Çünki, qabaqdakı qızıl medal mənim üçün hər şeydən vacib idi, hər şeydən üstün idi. Mən bu nəticəyə gəlməyimdə çox əziyyətlər çəkdim. Nəinki mən, bütün komanda yoldaşlarım çox əmək sərf etdik. Şükürlər olsun ki, əməyimiz hədər getmədi.
- Qarşıda hansı planlar var?
- İdmanda olduğum 17 ildə bir dəfə də olsun dincəlməmişəm. Həmişə deyirdim ki, inşallah çempion olaram və bundan sonra yayda dincələrəm. Fürsətdən istifadə edib bütün İslam aləmini Ramazan ayı münasibətilə təbrik edirəm, hamının orucları qəbul olsun. İnşallah Ramazan ayı qurtardıqdan sonra istəyirəm ki, İyul – Avqust aylarını dincəlim. Boşalmaq olmaz, qarşıda bizi gözəl yarışlar gözləyir. Bu il böyük yarışımız olmasa da, Sentyabr ayından artıq məşqlərə başlayacam. Gələn il bizi dünya və Avropa Çempionatı gözləyir. Ondan da önəmli yarış 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Olimpiya oyunları olacaq ki, keçən il bu oyunlarda qalib gəlmişdim. İstəyirəm ki, həmin titulu özümdə saxlayım. İnşallah Allah kömək olar, necə ki Avropa Oyunlarda kömək oldu. İnşallah çoxlu qızıl medalları öz kolleksiyamda artıraram.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB