İlahə Qasımova: “Məşqlərə getmədiyim üçün anam məni evdən qovurdu” MÜSAHİBƏ

İlahə Qasımova: “Məşqlərə getmədiyim üçün anam məni evdən qovurdu” MÜSAHİBƏ

"Demək olar ki, 15 ildir karate ilə məşğulam. İlk şəxsi müəllimim Cahangir Babayev olub və hal-hazırda da şəxsi müəllimliyimi davam etdirir. İlk olaraq karateyə həvəskar kimi başlamışam". Bu sözləri SİA-ya verdiyi müsahibəsində karate üzrə Avropa Oyunlarının bürünc mükafatçısı İlahə Qasımova deyib. O qeyd edib ki, dünya və Avropa çempionatlarında iştirak edərək medallar əldə edib. Lakin Avropa Oyunlarının onun üçün xüsusi mənası olub. Müsahibəni oxucularımıza təqdim edirik:

- Karateyə necə olub ki, gəlmisiniz, hansı çempionatlarda iştirak etmisiniz?

- Hər bir uşaq kimi filmlərə baxıb həvəslənmişəm. İllər keçdikcə müəllimim məni yarışlara aparırdı, hər yarışdan nailiyyətlə qayıdırdım. Ona görə də qərara aldım ki, məndə idmançı qabiliyyəti varsa, bunu atmamalıyam. Davam etdim və şükürlər olsun ki, beynəlxalq turnirlərin qalibi odum. Bütün yerlər üzrə medallar əldə etdim. 2012-ci ildə Avropa Çempionatı Bakıda keçirilən vaxt orda da bürünc medalın sahibi oldum. 2010-cu ildə keçirilən dünya kubokunda da çempion oldum.

- Ailədə karate ilə məşğul olmağınla bağlı problem olubmu?

- Bir çox valideynlər övladlarına karate ilə məşğul olmağa icazə vermir. Qızları isə ümumiyyətlə qoymurlar ki, təhlükəlidir. Mən deyərdim ki, karate qızlar üçün daha çox lazımdır. Çünki, onlar bu idman növündən özünümüdafiə kimi istifadə edə bilərlər. Mənim ailəm həmişə mənə dəstək olub. Bəzən məşqlərə getmədiyim üçün anam evdən qovurdu.

- Karatenin Avropa Oyunlarına daxil edilməsi xəbərini nə vaxt aldınız? Xəbərdən sonra təəssüratlarınız necə olub?

- Əvvəlcədən Avropa Oyunlarında karatenin olacağını düşünmürdük. İl yarım bundan öncə bizə bununla bağlı məlumat verildi. Bu məhz ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə olub. Biz həmin vaxt çox sevinmişdik ki, biz də öz sözümüzü vətənimizdə deyə biləcəyik. Avropa Oyunları biz karateçilər üçün çox böyük stimul oldu.

- Avropa Oyunlarına hazırlıq karatedə necə olub?

- Avropa Oyunları ilə bağlı il yarım bundan əvvəl məşqlərə başlamışıq. Ağır məşq prosesi keçirmişik, məşqimizin alınmayan vaxtları olub. Ancaq bilirdim ki, nəticə əldə edəcəm. Çünki, çox istəyirdim ki, qalib olum. İnsan gərək çox istəsin ki, istədiyinə nail olsun. Mən də çox istədim, əziyyət çəkdim. Çox şükür ki, əziyyətimiz yerdə qalmadı. Yəni, bürünc medal da olsa, həmin 3 medaldan biri məndədir.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Müəllimlər hələlik istirahət verib. Gələcəkdə dünya və Avropa çempionatları var. İslam Həmrəyliyi Olimpiadası 2017-ci ildə Bakıda keçiriləcək. Biz bu yarışa da çox ciddi hazırlaşacayıq ki, öz ölkəmizdə keçirilən yarışda öz sözümüzü deyə bilək və medallar qazanaq.

Bütün xəbərlər Facebook səhifəmizdə