66 kq-dək çəki dərəcəsində çıxış edən daha bir təmsilçimiz - Avropa çempionatı və Qran-pri turnirinin mükafatçısı Tərlan Kərimov 1/16 finalda Rusiya cüdoçusu Mixail Pulyayevlə qarşılaşıb. SİA-nın məlumatına görə, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rus idmançısı vazari xalı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva isə 1/8 finalda Belçika cüdoçusu Şarlin van Sniklə görüşüb. Belçika təmsilçisi saxlama fəndi tətbiq edərək cüdoçumuza vaxtından əvvəl tam qələbə ilə qalib gəlib.
13:24
Avropa Oyunlarının cüdo yarışlarında 66 kq-dək çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı, Avropa kubokunun, eləcə də "Böyük Dəbilqə" və "Qran-pri" turnirlərinin qalibi Nicat Şıxəlizadə 1/16 final mərhələsində Türkiyə idmançısı Sinan Sandalla qarşılaşıb. SİA-nın məlumatına görə, görüşün 3-cü dəqiqəsində Nicat Şıxəlizadə işlətdiyi fəndlə vaxtından əvvəl tam qələbə (ippon) qazanaraq 1/8 final mərhələsinə vəsiqə əldə edib.
12:06
Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva (48 kq) ilk görüşündə Slovakiya idmançısı Kristina Vrsiçə qalib gəlib. Yeniyetmələrin Yay Olimpiya Oyunlarının, Avropa və dünya çempionatının gümüş mükafatçısı Leyla Əliyeva səkkizdəbir finalda belçikalı Van Snik ilə qarşılaşacaq.
10:24
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək. SİA-nın məlumatına görə, 49 ölkədən 400 cüdoçunun qatılacağı yarış həm də Avropa çempionatı statusu daşıyır.
Şotlandiyanın paytaxtı Qlazqonun apreldə təşkil etməli olduğu çempionatdan məhrum edilməsi üzündən Avropa Cüdo İttifaqı belə bir qərar verib.
İlk yarış günündə 5 çəki dərəcəsində mübarizə aparılacaq. Kişilər 60 və 66 kq-da yarışacaqlar. Qadınlar isə 48, 52 və 57 kq çəki dərəcələrimdə mübarizə aparacaqlar. Azərbaycanı bütün çəki dərəcələrində üst-üstə 8 cüdoçu təmsil edəcək.
Kişilər arasında 60 kq çəki dərəcəsində Orxan Səfərov və İlqar Muşkiyev mübarizə aparacaq. Rəqibləri ilk görüşdə iştirak etmədiklərindən, hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. O.Səfərovun rəqibi Yann Sikkardi (Monako) - Arif Bağırov (Belarus) cütünün qalibi olacaq. İ.Muşkiyev isə Fransisko Qarriqos (İspaniya) - Aron Rahima (İsrail) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.
66 kq-da iştirak edəcək idmançılar isə Nicat Şıxəlizadə və Tərlan Kərimov olacaq. Onlar mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar. N.Şıxəlizadə ilk görüşündə türkiyəli Sinan Sandal, T.Kərimov isə Mixail Pulyayevlə qarşılaşacaq.
Qadınların mübarizəsində isə Azərbaycanı Leyla Əliyeva, Ayşə Qurbanlı, Səkinə Zayirova və Kifayət Qasımova təmsil edəcək. 48 kq çəkidə L.Əliyeva 1/16 finalda sloveniyalı Kristina Vrsiçlə, A.Qurbanlı rusiyalı Kristina Rumyantseva ilə görüşəcək. 52 kq-da S.Zayirova israilli Roni Şvarts səddini keçməyə çalışacaq. K.Qasımova isə 57 kq çəkidə serbiyalı Yovana Rogiçlə üz-üzə gələcək.
Qeyd edək ki, iyunun 26-da paralimpiyaçı cüdoçular da mübarizəyə qoşulacaq, iyunun 28-də Azərbaycan, Almaniya, İsrail və Rusiya yığmalarının iştirakı ilə komandalararası yarış təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB