Media nümayəndələri mükafatlandırıldı FOTOSESSİYA - VİDEO

Media nümayəndələri mükafatlandırıldı FOTOSESSİYA - VİDEO

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə elan etdiyi "I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, MOK-un inzibati binasında təşkil olunan tədbirdə qurumun baş katibi Ağacan Abıyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media kapitanları və digərləri iştirak ediblər.

V. Səfərli çıxış edərək qeyd edib ki, tarixdə ilk dəfə keçirilən ilk Avropa Oyunlarının Azərbaycanda təşkil olunması bütün dünyanın diqqətini ölkəmizə yönəldib: "Azərbaycanda böyük idman bayramı keçirilir. İlk Avropa Oyunlarının ölkəmizdə təşkil olunmasından qürur duyuruq. Bu tarixi hadisənin əhəmiyyətini ictimaiyyətə çatdırmaqda media nümayəndələri böyük rol oynayırlar".

KİVDF-nin icraçı direktoru bildirib ki, elan olunan müsabiqənin məqsədi I Avropa Oyunlarının mətbuatda daha dolğun işıqlandırılması, jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır: "Müsabiqəyə 34 KİV-dən 52 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. 6 jurnalist əsas, 10 media nümayəndəsi isə həvəsləndirici mükafata layiq görülüb. I yer üçün (1 nəfər) 700 manat, II yer üçün (2 nəfər) 500 manat, III yer üçün (3 nəfər) 300 manat, həvəsləndirici yer (10 nəfər) üçün isə 150 manat məbləğində mükafat nəzərdə tutulub".

Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev isə ilk Avropa Oyunlarında idmançılarımızın uğurlu çıxışından, Oyunların ölkəmiz üçün əhəmiyyətindən danışıb. O, qalib idmançılarımızı və yazı müsabiqəsinin mükafatçılarını təbrik edib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov I Avropa Oyunlarının ölkəmizdə yüksək şəkildə təşkil edildiyini, Azərbaycanın Oyunların dünya tarixində yeni səhifə yazdığını bildirib. O, belə möhtəşəm idman tədbirinin əhəmiyyətinin ictimaiyyətə çatdırılmasında media nümyəndələrinin əvəzsiz rol oynadıqlarını qeyd edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov ilk Avropa Oyunlarının ölkəmizdə keçirilən ən böyük idman yarışları olduğunu, bütün xalqımızın bu Oyunların keçirilməsinə dəstək verdiyini deyib. O, I Avropa Oyunlarında Azərbaycan idmançılarının uğurla çıxış etdiklərini vurğulayıb. Ə Amaşov bu istiqamətdə yazı müsabiqəsinin önəmliliyindən danışıb və qalib jurnalistləri təbrik edib.

Daha sonra müsabiqədə qalib olmuş media nümayəndələrinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, mükafatlandırılanlar arasında "Səs" Media Qrupun əməkdaşı da yer alıb.

Tədbir bədii hisə ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə