Qadın samboçumuz qızıl medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

Qadın samboçumuz qızıl medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

Azərbaycan samboçusu Nəzakət Xəlilova yarımfinalda litvalı Ruta Aksionovaya 4:0 hesabı ilə qalib gələrək final mərhələsinə adlayıb. İdmançımız finalda rusiyalı Anna Xaritonova ilə qızıl medal uğrunda mübarizə aparacaq.

11:37

İlk görüşündə ukraynalı İvan Vasilçuku məğlub edən Kənan Qasımov (90 kq) yarımfinalda Rusiya təmsilçisi Alsim Çernaskulova uduzaraq bürünc medal uğrunda mübarizə aparacaq. Üçüncü yer uğrunda görüşdə Kənan Qasımov gürcüstanlı Davit Karbelaşvilini məğlub etməlidir.

11:22

Mübarizəyə dörddəbir final mərhələsindən qoşulan Amil Qasımov (74 kq) ilk görüşünü qələbə ilə başa vurub. Gürcüstanlı Kaxa Mamulaşviliyə tam üstünlüklə qalib gələn samboçumuz yarımfinala yüksəlib. Onun növbəti rəqibi bolqarıstanlı Martin İvanov olacaq.

11:12

Qadınların 52 kiloqramdan aşağı çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız Nəzakət Xəlilova dörddəbir final mərhələsində rumıniyalı Kordina Yuneskunu 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Azərbaycan samboçusunun bu mərhələdəki rəqibi litvalı Ruta Aksionova olacaq.

11:05

Yarışda 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Vasif Səfərbəyov makedoniyalı rəqibi Bajro Maşvokijə qalib gələrək yarımfinala adlayıb. Onun rəqibi Ukrayna idmançısı Razmik Tonoyan olacaq.

11:02

Daha bir samboçumuz birinci Avropa Oyunlarında qələbə qazanıb. İslam Qasımov (57 kq) Rumıniya təmsilçisi Ornaldo Qruiaya qalib gələrək Heydər Əliyev adına İdman Sarayında olan azarkeşlərimizi sevindirib. Yarımfinalda samboçumuzun rəqibi gürcüstanlı Vaxtanqi Çidraşvili olacaq.

10:24

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında sambo yarışları start götürüb. SİA-nın xəbərinə görə, bu mübarizədə 8 dəst medal oynanılacaq. Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayacaqlar. Azərbaycan bu idman növündə 8 samboçu ilə təmsil olunur. Kişilər arasında 57 kq çəki dərəcəsində Azərbaycan samboçusu İslam Qasımov 1/4 final görüşündə rumıniyalı Orlando Qruia ilə üz-üzə gələcək.

74 kq çəki dərəcəsində təmsilçimiz Amil Qasımov 1/4 finalda Tadey Cutuk (Sloveniya) – Kaxa Mamulaşvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

90 kq çəki dərəcəsində Kənan Qasımovun 1/4 final mərhələsində rəqibi ukraynalı İvan Vasilçuk olacaq.

+100 kq çəki dərəcəsində isə Vasif Səfərbəyov 1/4 finalda Bayro Maşoviçlə (Makedoniya) üz-üzə gələcək.Qadınlar arasında 52 kq çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edəcək. O, ilk görüşünü 1/4 finalda Sodriana İoneskuya (Rumıniya) qarşı keçirəcək.

60 kq çəki dərəcəsində Şəhanə Hüseynova Yana Kostenko (Rusiya) - Şorena Şaradze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
64 kq çəkidə 1/4 finaldan mübarizəyə qoşulacaq Fəridə Qurbanova ilk görüşündə Moldova təmsilçisi Yekaterina Sretu ilə görüşəcək.
68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə yarımfinala yüksəlmək üçün Olqa Namazova (Belarus) ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə