Azərbaycan gimnastı ilk Avropa Oyunlarında 5 medal qazandı

Azərbaycan gimnastı ilk Avropa Oyunlarında 5 medal qazandı

Milli Gimnastika Arenasında "Bakı-2015" ilk Avropa Oyunlarının idman gimnastikası üzrə fərdi yarışlarının final mərhələsi başa çatıb. SİA-nın məlumatına görə, yarışlarda Azərbaycan gimnastı Oleq Stepko 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb (paralel qollarda qızıl, fərdi çoxnövçülük və gimnastika atında gümüş, komanda yarışları və dayaqla tullanmada isə bürünc medal).

Bu gün paralel qollarda hərəkət üzrə ən yüksək nəticə göstərən (15,733) idmançımızdan sonra, rusiyalı David Belyavski (15,700) gümüş, rumıniyalı Marius Berbekar (15,600) bürünc medal əldə edib.

Dayaqla tullanma yarışında isə gimnastımız üçüncü nəticə (14,966) göstərərək bürünc medala sahib olub. Qızıl medala ukraynalı Oleq Vernyayev (15,266), gümüş medala isə Niderland idmançısı Kasimir Şmidt (15,166) layiq görülüb.

Oleq Stepko gimnastika atı üzərində hərəkət yarışlarında da uğurla çıxış edərək (14.600 xal) hesabına növbəti gümüş medalı yazdırıb. Bu növdə birinci yeri 14.966 xalla sloveniyalı Saso Bertonselj, üçüncü yeri isə 14.200 xalla böyük britaniyalı Brin Bevan tutub.

Halqalar üzrə hərəkətlərdə Yunanıstan gimnastı Eleterious Petrousias (15,633) qızıl, rusiyalı Nikita İqnatyev (15,333) gümüş, türkiyəli İbrahim Çolak isə (15,133) bürünc medal əldə ediblər.

Kişilər arasında idman gimnastikasının çoxnövçülük yarışlarında sərbəst hərəkətlərdə ən yüksək nəticəni ispaniyalı Zapata Santana (15,333) göstərib. Almaniyalı Fabian Hamburken (15,100) ikinci, rusiyalı David Belyavski (15,000) üçüncü yeri tutublar.

Qadınlar arasında gimnastika tiri üzərində yarışların qızıl medalını Niderland atleti Layk Vever (14,200) qazanıb. İkinci yerə rumıniyalı Andrea İridon (14,000), üçüncü pilləyə isə isveçrəli gimnast Culiya Steynqruber (13,700) çıxıblar.

Müxtəlif hündürlüklü qollarla hərəkətlər üzrə rusiyalı Aliyə Mustafina (15,400) birinci, almaniyalı Sofiya Şeder (15,200) ikinci, rumıniyalı Andea İridon (12,800) üçüncü olub. Qadınlar arasında sərbəst hərəkətlərdə isveçrəli Juliya Steingruber (14,266) qızıl, rusiyalı Aliya Mustafina (14,200) gümüş, niderlan gimnastı Lieke Şevers (13,800) bürünc medal qazanıb.

Qaliblərə medalları Azərbaycan Respublikası Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə