Aydın Hüseynov: “Oyunlar Azərbaycana iqtisadi səmərə gətirəcək” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun SİA-ya müsahibəsi:
- Aydın müəllim, artıq "Bakı 2015" birinci Avropa Oyunlarına start verilib. İlk olaraq, bir azarkeş kimi idman yarışları haqqında təəssüratlarınızı öyrənmək istərdik.
- Mən özüm də ilk Avropa Oyunlarının açılışında iştirak etdim. Çox möhtəşəm təşkil olunmuşdu. Bu oyunlarının ölkəmizdə keçirilməsi ilə Azərbaycan dünyaya bir standartlar təqdim edəcək. Hamımız oyunların möhtəşəm olacağını düşünürdük. Belə də oldu. Oyunların açılışı o qədər rəngarəng oldu ki, orada sərgilənən kompozisiyalarda Azərbaycanın tarixindən tutmuş, bu gününə kimi olan dövrü öz əksini tapdı. Əlbəttə, bunu tək biz deyil, müxtəlif ölkələrdən açlış mərasiminə gələn qonaqlar da söylədi. Biz bunları onların dilindən eşitdiyimiz zaman bir Azərbaycan vətəndaşı kimi çox qürur duyuruq. Açılış mərasimi bəlkə də mənim həyatımda ən çox sevindiyim, fəxr etdiyim bir hadisə oldu. Buna görə ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün öz zəhmətini, diqqətini əsirgəməyən, hazırlıq proseslərində birbaşa iştirak edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirik. Ümumilikdə bu, Azərbaycan ictimaiyyətinin bir bayramıdır.
- Maraqlıdır, ən çox hansı oyunlara tamaşa etməyi xoşlayırsınız?
- Ən çox su polosu yarışlarına baxıram. Artıq ikinci gündür ki, burada iştirak edirəm. Deyərdim ki, çox maraqlı bir oyundur. Xeyli sayda tamaşaçının da burada olması bunu deməyə əsas verir. Azərbaycanda bunun yeni bir idman növü olmasına baxmayaraq, maraqlı bir idman növüdür. Mən digər idman növləri yarışlarında da iştirak etmək arzusundayam. Bir tamaşaçı qismində boks yarışlarında da iştirak edəcəm.
- Necə düşünürsünüz, ilk Avropa Oyunları ölkəmizin tanıdılması ilə yanaşı hansı investisiyaların cəlb olunmasına şərait yaradacaq?
- Çox doğru vurğuladınız. Bu gün ilk Avropa Oyunları dünyanın 5 qitəsinin beşinə də canlı yayımlanır. Onlar Azərbaycandakı tərəqqini, inkişafı və ölkə vətəndaşlarının səmimiliyini, qonaqpərvərliyini, tarixini və s. görürlər. Bu bizim bütün sahələrdə nüfuzumuzdan xəbər verir. Eyni zamanda birinci Avropa Oyunları Azərbaycana iqtisadi səmərə gətirəcək. Bu gün hər birimiz şahidik ki, şəhərdə nə qədər turist var. Təbii ki, bu bizim iqtisadiyyatımıza öz cari təsirini göstərməkdədir. Eyni zamanda biz bu idman oyunlarından gələcəkdə daha çox bəhrələnəcəyik. Oyunlara qoyulan xərcdən on dəfə çox gəlir əldə edəcəyik. Bu gün Azərbaycanda 50 Avropa ölkəsinin nümayəndəsi var. Onlar dövlət rəhbəri səviyyəsində təsmil olundular və iştirak etdilər. Burada həmin o tərkibdə iş adamları və iqtisadçı insanlar var.
- Son olaraq, birinci Avropa Oyunları ərəfəsində müxtəlif vasitələrlə ölkəmizə qarşı "qara-piar" kampaniyası aparılır və oyunları gözdən salmağa çalışılır. Bu haqda nə deyə bilərsiniz?
- Ümumiyyətlə idman güc deməkdir. Artıq Azərbaycan öz gücünü göstərdi və idman yarışlarına start verilib. Ölkəmizi, oyunları gözdən samaq istəyən mərkəzlər, dairələr artıq özləri görürlər ki, bu yarışlar necə möhtəşəm səviyyədə keçirilir. Onların qara niyyətlərinin heç biri baş tutmayacaq və tutmadı da. İdman yarışlarına kölgə salmaq istəyənlər və bununla bağlı "qara-piar" kampaniyası aparanların özləri belə qara gündədilər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB