Avropa Oyunları çərçivəsində karatenin kumite növü üzrə keçirilən yarışlar davam edir. SİA-nın məlumatına görə, bu gün karatedə 3 kişi və üç qadın idmançımız yarışa qatılıb. Kişilərdən 60 kiloqram çəki dərəcəsində Firdovsi Fərzəliyev 1-ci yerə layiq görülüb. Bu çəkidə 2-ci yeri italiyalı Mares Luka, 3-cü yeri isə makedoniyalı Emil Pavlov tutub.
67 kiloqram çəki dərəcəsində mübarizə aparan Niyazi Ağayev bürünc medal əldə edib. Bu çəkidə birinciliyi türkiyəli Uyğur Burak, 2-ci yeri isə fransalı da Kosta tutub.
75 kiloqram çəki dərəcəsində ölkəmiz daha bir qızıl medal əldə edib. Belə ki, Rafael Ağayev bu çəkidə bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb. 2-ci yeri italyalı Busa Luiqi, 3-cü yeri isə türkiyəli Erman Eltemur qazanıb.
Qadınlar arasında yarışan karateçilərimizə gəldikdə isə yalnız 55 kiloqram çəki dərəcəsində mübarizə aparan İlahə Qasımovadan medal gözləndiyini bildirmişdik. Belə də oldu, qadın karateçimiz bu çəkidə bürünc medalın sahibi olub. 1-ci yeri fransalı Emili Toy, 2-ci yeri isə xorvatiyalı Yelena Kovaçeviç əldə edib.
Beləliklə bu gün yarışa qatılan 6 karateçimizin 4-ü medal əldə edə bilib. Bunlardan 2-i qızıl medal (Firdovsi Fərzəliyev və Rafael Ağayev), 2-i isə bürünc medal (Niyazi Əliyev və İlahə Qasımova) əldə ediblər. Qeyd edək ki, sabah digər çəki dərəcələrində idmançılarımız tatami üzərinə çıxacaqlar. Bundan başqa, karatenin Kata növü üzrə də yarışlara start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB