"Bakı-2015"də milli komandamızın bayraqdarı Elmar Qasımov oldu

"Bakı-2015"də milli komandamızın bayraqdarı Elmar Qasımov oldu

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında Azərbaycan yığma komandasının bayraqdarı açıqlanıb. SİA-nın məlumatına görə, bununla bağlı Milli Olimpiya Komitəsində tədbir keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) I vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, digər rəsmi şəxslər, idmançılar və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə, Xəzər İsayev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıblar.

2000-ci il Olimpiya Oyunlarında yığma komandamızın bayraqdarı olmuş və həmin Oyunlarda qızıl medal qazanmış Namiq Abdullayev idmançılarımıza uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və I Avropa Oyunlarında milli komandamızın bayraqdarının 2015-ci ildə cüdo üzrə bütün mötəbər yarışlarda qızıl medal qazanmış Elmar Qasımov olduğu açıqlanıb. Azərbaycan Respublikasının Dövlət Bayrağı cüdoçu E. Qasımova təqdim olunub. İdmançı Dövlət Bayrağını Atletlər Kəndinə aparıb. O, Dövlət Bayrağını I Avropa Oyunlarının Açılış Mərasimində daşıyacaq.

Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə