"Bakı-2015"də iştirak edəcək boksçularımızla görüş keçirilib FOTOLAR

"Bakı-2015"də iştirak edəcək boksçularımızla görüş keçirilib FOTOLAR

Birinci Avropa oyunlarında iştirak edəcək boksçularla görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov çıxış edərək ölkəmizin tarixi hadisə ərəfəsində olduğunu deyib. O, dövlət başçısı İlham Əliyevin idmana böyük diqqət göstərdiyini qeyd edərək qeyd edərək, hər kəsin boksçularımızdan uğurlu nəticə gözlədiyini bildirib. ABF-nin prezidenti Kəmaləddin Heydərovun salamlarını çatdıran vitse-prezident oyunların Bakıda keçirilməsinin hər bir idmançının məsuliyyət hissini artırmalı olduğunu vurğulayıb.

Milli komandamızın baş məşqçisi Pedro Rok boksçularımızın yaxşı hazırlıq keçdiyini söyləyib. Kubalı mütəxəssis Meksikadakı təlim-məşq toplanışından sonra Bakıda İrlandiya və Bolqarıstan seçmələri ilə birgə son hazırlıq mərhələsinə qədəm qoyduqlarını deyib.

Milli komandamızın kapitanı, 2 qat dünya, Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov komandada yüksək əhval ruhiyənin olduğunu bildirib. Boksçumuz Avropa Oyunlarında yüksək yerlər tutmaq üçün əllərindən gələni edəcəklərini söyləyib.

Xatırladaq ki, boks yarışları iyunun 16-dan 27-dək Kristal Zalda keçiriləcək. Komandamız kişilərin yarışında 10, qadınların turnirində isə 5 idmançı ilə təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə