Katerina Uqvu: "Bakı Olimpiya Stadionunda əla tədbir proqramımız var"

Katerina Uqvu: "Bakı Olimpiya Stadionunda əla tədbir proqramımız var"

"Bakı-2015" Avropa Oyunlarının 12 iyun tarixində keçiriləcək Açılış Mərasimi dünya idmanının ən təcrübəli və tanınmış peşəkarlarından biri hesab olunan Katerina Uqvu tərəfindən genişmiqyaslı canlı tədbirlərdə müşayiət olunacaq. SİA-nın məlumatına görə, əslən Mançesterdən olan xanım Uqvu 2002-ci ildə doğma şəhərində keçirilmiş tədbirdən etibarən beynəlxalq idman aləmində Mərasimlərin müstəsna prodüserinə çevrilib.

Mançester Stadionunda XVII Birlik Oyunlarının Bağlanış Mərasimini təşkil etdikdən sonra o, Qətərin paytaxtı Dohada 2006-cı ildə keçirilən XV Asiya Oyunlarının Açılış Mərasimini də təşkil edib. Bundan əlavə, Katerina 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarının Açılış və Bağlanış Mərasimlərinin strateji hissəsinin baş prodüseri olub.

"Bakı-2015"dən öncə o, 2012-ci ildə Londonda keçirilən Olimpiya və Paralimpiya oyunları üzrə Mərasimlərin İcraçı Prodüseri olub. K. Uqvu Londonda keçirilən Olimpiya və Paralimpiya Oyunlarına verdiyi mühüm töhfəsinə görə 2013-cü ildə MBE (Britaniya İmperiyası Ordeninin Laureatı) ilə təltif olunub.

"Bakı-2015"in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq bildirib: "Bakıda ilk Avropa Oyunlarını həyata keçirmək məqsədilə geniş təcrübəyə malik Mərasimlər direktoru ilə işlədiyimiz üçün bəxtimiz gətirib. Katerina son 20 ildən bir qədər çox zaman ərzində gözəl nüfuz qazanıb. Onun adı dünya idman sahəsinin ən yaddaqalan Mərasimlərində çəkilir."

London Millenium Qübbəsində tamaşa yaratmış Katerina deyib: "Təşkilatçı ölkənin mədəni irsinin təbiətinə görə, hər bir mərasim unikal olmalıdır. "Bakı-2015" də fərqli olacaq. Azərbaycan gənc ölkə olsa da, öz mədəniyyətinə görə fəxr edir və bu da mərasimdə əks olunacaq.

Bizim çox bacarıqlı komanda üzvlərimiz ilə yanaşı, Açılış Mərasiminin tərtibatçısı, dəyərli bədii direktorumuz Dimitris Papaioannou və Bağlanış Mərasiminin bədii direktoru Ceyms Hadli də fəaliyyət göstərir. Eyni zamanda yüksək istedada malik Azərbaycan gənclərindən ibarət həvəsli könüllülər də dəstək göstərirlər. Bakı Olimpiya Stadionunda ölkənin idman tarixində ən möhtəşəm gecə üçün əla tədbir proqramımız var".

Katerina Akra, Adelaida, Antverpen, Los-Anceles, Mexiko və Nyu-Yorkda bir çox beynəlxalq incəsənət festivallarının tərtibatçısıdır. O, 1997-ci ildə Canlı İncəsənət üzrə İnkişaf Agentliyini təsis edib, 2001-ci ildə isə agentliyin direktoru vəzifəsinə keçib.

Katerina 1991-ci ildən 1997-ci ilə kimi proqramlaşdırma, kuratorial və tapşırıqların verilməsi ilə bağlı tədbirlər keçirməklə Londonda, Müasir İncəsənət İnstitutunun canlı incəsənət şöbəsində direktor müavini vəzifəsinə yüksəlib.

Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-si Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə