Elçin Səfərov: "İstənilən ölkənin nümayəndəsi Azərbaycanda özünü rahat hiss edə bilər” AÇIQLAMA

Elçin Səfərov: "İstənilən ölkənin nümayəndəsi Azərbaycanda özünü rahat hiss edə bilər” AÇIQLAMA

"Yay ayları olduğu üçün Atletlər Kəndinin bütün otaqlarında kondisioner sistemi quraşdırılıb. Kəndin içərisində mühafizə yüksək səviyyədə təşkil olunub. Bura yüksək sürətli internetlə təmin olunub. Atletlər Kəndində poliklinika, çamaşırxana, kafe, Azərbaycan milli yeməkxanası, istirahət, əyləncə mərkəzi və s. fəaliyyət göstərir". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) korporativ direktoru, Atletlər Kəndinin meri Elçin Səfərov deyib. O, Atletlər Kəndində idmançılar və nümayəndə heyətləri üçün yüksək şərait yaradıldığını qeyd edib. E. Səfərov burada Media Mərkəzinin də fəaliyyət göstərdiyini bildirib: "Bundan əvvəl Atletlər Kəndində Media Mərkəzi olmayıb. Ancaq burada hazırda Media Mərkəzi də fəaliyyət göstərir. Media nümayəndələrinin fəaliyyət göstərməsi üçün yüksək şərait yaradılıb".

Onun sözlərinə görə, "Bakı-2015"də yarışmaq üçün ölkəmizə 6200-ə yaxın idmançının gələcəyi gözlənilir: "Onlar ayın 8-dən ölkəmizə gələcəklər. İdmançılar və nümayəndə heyətləri hava limanında qarşılanaraq Atletlər Kəndinə gətiriləcəklər. Onları hər bir ölkənin milli olimpiya komitəsinin (MOK) nümayəndələri müşayiət edəcək. MOK-ların nümayəndələri üçün də burada hər cür şərait yaradılıb. Həmin MOK-lar inzibati binada xüsusi ofis götürüb, işləyə bilərlər".

Atletlər Kəndinin meri deyib ki, burada böyük yeməkxana 24 saat fəaliyyət göstərir və orada 3 cür yeməklər təklif olunur. Onun sözlərinə görə, Atletlər Kəndində idmançıların məşqi üçün açıq voleybol və tennis zalı, üzgüçülük hovuzu və məşq zalı var. Səhiyyə Nazirliyinin dəstəyi ilə burada böyük poliklinkanın fəaliyyət göstərdiyini bildirən. E. Səfərov orada lazımi bütün avadanlıqların quraşdırıldığını, idmançılara yüksək səviyyədə xidmət göstəriləcəyini vurğulayıb.

BAOƏK-in korporativ direktoru artıq 5 ölkədən nümayəndələrin gəldiyini qeyd edib: "Bunlar texniki heyətlərdir. Ancaq biz idmançıların tez gəlməsinə məhdudiyyət qoymamışıq. Hansı ölkənin idmançıları akkreditasiyadan keçibsə, Azərbaycana gələ bilər.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi yarandığı gündən siyasətdən kənarda dayanıb. Bakıda bütün ölkələrin idmançıları və nümayəndə heyətlərinə maksimal dostluq şəraitində hər cür şərait yaradacağıq ki, Azərbaycanın dost, sülhsevər ölkə olduğunu və burada istənilən ölkənin nümayəndəsinin özünü tam rahat hiss edə biləcəyini başa düşsünlər".

Bütün xəbərlər Facebook səhifəmizdə