Turistlərlə necə davranmalı? FOTOREPORTAJ - VİDEO

Artıq ölkəmizə "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı xarici qonaqların axını başlayıb. Azərbaycanın xarici ölkələrdə imicinin formalaşdırılması baxımından turistlərlə davranış qaydaları böyük önəm kəsb edir. Oyunlar müddətində ölkəmizə dünyanın hər bir yerindən təşrif buyuracaq qonaqlarda Azərbaycan haqqında yüksək fikirlər formalaşdırmaq üçün onlarla aparılan söhbətlər və təbliğatlara xüsusi diqqət göstərmək lazımdır. Azərbaycan ictimaiyyəti birlik göstərərək Vətənimizi yüksək səviyyədə təbliğ və təmsil etməlidir.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin təlimlər üzrə mütəxəssisi Sevinc Ələkbərzadə SİA-ya açıqlamasında qeyd edib ki, Azərbaycan multikultural ölkə olaraq bütün dünyaya nümunədir. Onun sözlərinə görə, ictimaiyyətimiz dünyaya bu və digər xüsusiyyətlərimizi nümayiş etdirməlidir: "Xarici qonaqlarla ünsiyyətdə olarkən jarqonlardan istifadə etmək olmaz. Jestlərdən düzgün istifadə olunmalıdır. Müxtəlif ölkələrin müxtəlif mədəniyyətləri var və hərəsi jestləri ayrı cür qavrayır. İnsanlarımız turistlərə hörmətlə yanaşmalı və mədəniyyətimizi, dəyərlərimizi göstərməlidirlər. Milli mədəniyyətimiz və milli dəyərlərimiz bəsdir ki, Azərbaycan xalqının nə qədər böyük olduğunu nümayiş etdirək. Turistlərin arasında fiziki qüsurlu insanlar da olacaq. Onları işarə ilə göstərmək, təəssüf hissi ilə yanaşmaq olmaz. Belə insanlar bədən dilini dərhal hiss edirlər. Xarici qonaqlara elə yanaşmaq lazımdır ki, onlar sivil ölkədə olduqlarını hiss etsinlər".

"Bakı-2015" ilk Avropa Oyunlarının könüllüsü Həbibə Abbasova ölkəmizə gələn qonaqlarla düzgün davranmağın vacib olduğunu qeyd edib: "Turistlərin fərqli adət-ənənələrini başa düşməli, onlara qarşı elə davranmalıyıq ki, qonaqlar ölkəmizdən müsbət fikirlərlə ayrılsınlar. Çalışmalıyıq ki, turistlərə ölkəmizin, gəncliyimizin, idmanımızın inkişafını, qonaqpərvərliyimizi, zəngin mədəniyyətimizi çatdıraq. Bu istiqamətdə yaşından asılı olmayaraq hər bir vətəndaşımız əlindən gələni etməlidir".

"Bakı-2015"in digər könüllüsü Çingiz İsmayılov bildirib ki, xarici qonaqlara qarşı istiqanlı olmaq lazımdır: "Turistlərlə ünsiyyətdə olarkən pozitiv, istiqanlı olmalı və mütləq etik qaydalara əməl edilməlidir. Onlara milli-mənəvi dəyərlərimizdən bəhs olunmalıdır. Çalışmaq lazımdır ki, qonaqlarda xoş təəssurat yaransın. Onlara torpaqlarımızın işğal olunması barədə məlumat verməli, ölkəmizin tanıdılması istiqamətində söhbətlər aparılmalıdır".

İlk Avropa Oyunlarında könüllü fəaliyyət göstərən Elnarə Əliyeva da turistlərlə davranış qaydalarının önəmliliyindən danışıb: "Qonaqlara ölkəmizin inkişafı ilə yanaşı, tariximiz, zəngin irsimiz, işğal olunmuş torpaqlarımız, Xocalı faciəsi haqda danışılmalıdır. Qonaqpərvərlik göstərilməli, etik normalara riayət olunmalı, jestlərə fikir verilməli, onlarda pozitiv əhval-ruhiyyə yaradılmalıdır. Danışarkən diqqətlə qulaq asmalı, lazım gəlsə, köməklik göstərilməlidir".

"Bakı-2015"in könüllülərindən Mehdi Fərzəlizadə də ölkəmizə gəlmiş xarici qonaqlara xüsusi diqqətlə yanaşılmalı olduğunu deyib: "Turistlərin sualları cavablandırılmalı, onlara yardımçı olunmalıdır. Xarici qonaqlara xoş münasibət göstərilməli və davranışlara diqqət olunmalıdır ki, qonaqlar hər-hansı hərəkət, jest və ya mimikamızı əksinə başa düşməsinlər. Turistlərə ölkəmizin inkişafını göstərməyə çalışmalıyıq".

Xatırladaq ki, "Bakı-2015" ilk Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda və Mingəçevirdə keçiriləcək.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə