İrlandiyalı boksçular "Bakı-2015"də tarix yazacaqlarına inanırlar

İrlandiyalı boksçular "Bakı-2015"də tarix yazacaqlarına inanırlar

İrlandiyalı boksçular I Avropa Oyunlarında tarix yazacaqlarına inanırlar. SİA-nın məlumatına görə, bu ölkənin boks üzrə yığma komandası çərşənbə günü səhər saatlarında Azərbaycana gəlib. İdmançılar yarışların başlanması ərəfəsində Bakının həyat tərzinə öyrəşməyə çalışırlar. Baş məşqçi Billi Volşun və texniki məşqçi Zaur Antianın rəhbərlik etdiyi komanda rekordçu olimpiya çempionu Keyti Teylora böyük ümidlər bəsləyir.

"Bakı-2015"də qalib gəlmək arzusunda olan 20 yaşlı irlandiyalı boksçu Kurt Uolker, Keyti Teylor haqqında belə deyib: "Keytinin komandada olması insanda xüsusi həvəs yaradır. O, bu zamana qədər əlindən gələni edərək bütün istədiklərinə nail olub. Komandada onun kimi böyük bir çempionun olması çox yaxşıdır".

Gənc yığma komanda yol yorğunluğunu üzərindən atmaq və Azərbaycanın isti yay mövsümü havasına uyğunlaşmaq üçün planlı şəkildə Azərbaycana səfər edib. Ölkəmizin ab-havasına uyğunlaşdıqdan qısa müddət sonra, onlar Azərbaycan və Bolqarıstan komandaları ilə intensiv məşqlərə başlayıblar.

İyunun 16-da yüngül çəki dərəcəsində mübarizəyə qoşulacaq Sin Makkom yarışlar haqqında bunları bildirib: "Biz böyük yarışlara öyrəşmişik, lakin bu, bizim iştirak etdiyimiz yarışların ən böyüyüdür. Siz orada əsl mübarizə görəcəksiniz".

Billi Volş isə komandasının gənc, lakin perspektivli olduğundan bəhs edib: "Bu, gənc komandadır. Lakin Olimpiya oyunlarından bir il yarım öncə belə bir təcrübə qazanmaq fenomenal hadisədir. "Bakı-2015", birinci Avropa Oyunları olduğu üçün tarixə düşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə