I Avropa Oyunlarının məşəlinin Bakı səyahəti ilə bağlı tədbir keçirilib
I Avropa Oyunlarının məşəlinin Bakı səyahəti ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Baş icraçı direktoru Azad Rəhimov, BAOƏK-in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq, BAOƏK-in mərasimlər üzrə direktoru Katerina Uqvu və BAOƏK-in Mərasimlər şöbəsinin prodüseri Keyt Hinçlif iştirak edib.
BAOƏK-in Baş icraçı direktoru Azad Rəhimov I Avropa Oyunlarının keçiriləcəyi ərəfədə təkcə Avropanın deyil, bütün dünyanın diqqətinin Azərbaycanda olacağını bildirib: "Dünyanın diqqətinin Azərbaycanda olması məsuliyyəti daha da artırır. I Avropa Oyunlarına tam hazırıq. "Bakı-2015" I Avropa Oyunlarının məşəli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakıdakı Atəşgah məbədində alovlandırıldı. Məşəl bütün Azərbaycanın bölgələrini gəzdirildi. Möhtəşəm festivallar təşkil olundu və tədbirlərdə "Bakı-2015"in elçiləri də iştirak etdilər. İyunun 7-dən I Avropa Oyunlarının məşəli Bakı şəhərinə və 14-də isə Bakı Olimpiya Stadionunda Oyunların açılış mərasiminə gətiriləcək"
BAOƏK-in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq I Avropa Oyunlarının məşəlinin Bakıya gətirilməzdən əvvəl ölkənin 60 bölgəsinə səfər etdiyini, bölgə əhalisinin 99 faizinə göstərildiyini qeyd edib: "Bakı şəhəri yeni qitə miqyaslı tədbirin təşkilatçısı kimi bütün imkanlara qadirdir. İnsanlardakı coşğu və enerji, I Avropa Oyunlarına olan istəkləri məşəl səfəri zamanı baş tutacaq şənliklərlə yadda qalacaq. Məşəl səyahəti Bakı əhalisi üçün böyük həyəcan olacaq".
BAOƏK-in Mərasimlər şöbəsinin prodüseri Keyt Hinçlif məşəlin Bakı səyahəti haqda məlumat verib: "Məşəl 7 iyun tarixində Ağ Şəhər Bulvarına, Neftçilər prospektinə və Bayraq Meydanına səfər etməzdən əvvəl qayıqla möhtəşəm üslubda Bakıya gətiriləcək və nəhayət Qız Qalasında olacaq. "Bakı-2015"in məşəli 8 iyun tarixində I Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan keçəcək. Həmin məkanlara Heydər Əliyev adına İdman Sarayı, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh çimərliyi, Tofiq Bəhramov adına Respublika Stadionu, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosipedi Veloparkı daxildir. Məşəl iyunun 9-da bir çox tarixi önəmli binalara aparılaraq UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhərə səyahət edəcək. Buraya UNESCO-nun Azərbaycanın arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayı da daxildir. Məşəlin növbəti səfəri 10 iyun tarixində Bakının mədəniyyət və memarlıq obyektlərinə, məsələn, Nizami küçəsinə, Fəvvarələr Meydanına, Qış Parkına, Filarmoniya Parkına və nəhayət Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka olacaq. "Bakı-2015"in məşəli 11 iyun tarixində Qız Qalasından götürüləcək və 12 iyun tarixində açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Satko limanına gətiriləcək".
Sonra Olimpiya çempionu Fərid Mansurov "Bakı-2015"in məşəlini təqdim edib.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB